DÜNYA
Filippində üç əcnəbini oğurlayanlardan biri saxlanılıb
Manila, 30 noyabr, AZƏRTAC
Filippin polisi hərbi bölmələrin köməyi ilə “Əbu Sayyaf” terrorçu qruplaşmasının iki malayziyalının və bir Cənubi koreyalının oğurlanmasında şübhəli bilinən üzvünü saxlayıb. Bu barədə noyabrın 30-da “Star” qəzeti Filippin xüsusi xidmət orqanlarına istinadla məlumat yayıb.
Əməliyyatın ötən həftənin sonunda ölkənin cənubunda müsəlmanların daha sıx yerləşdiyi Sulu adasındakı limanlardan birində keçirildiyi bildirilir. Hüquq mühafizə orqanları burada silah və hərbi sursatla dolu bir neçə anbar da aşkar ediblər.
Operativ məlumatlara görə, saxlanılan Səddam Caylani adlı şəxs Cənub-Şərqi Asiyada ən böyük və ən təhlükəli “Əbu Sayyaf” terrorçu qruplaşmasının lideri Əlhəbsi Misayın yaxın adamlarından biridir. Xüsusi xidmət orqanları yanvarın sonlarında oğurlanmış və cəsədi oktyabrın sonlarında aşkar edilmiş Koreya Respublikası vətəndaşının da məhz “Əbu Sayyaf” tərəfindən girov götürüldüyünü güman edir.
Bundan əlavə, ekstremistlər mayda Malayziyanın iki vətəndaşını da oğurlayaraq onların azad edilməsi üçün 650 min dollar istəmişdilər. Aparılan danışıqlar nəticəsində onlardan biri azad edilmişdi. İkinci girovun azad olunması ilə bağlı razılığın əldə edilməsinə baxmayaraq, terrorçular sonradan danışıqlardan imtina edərək onun başını kəsmişdilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Manila