DÜNYA
Filippinin cənubunda yaraqlılar məktəbə hücum ediblər
Tokio, 21 iyun, AZƏRTAC
İŞİD terrorçu qruplaşması ilə əlaqəli olduğu bildirilən yaraqlılar Filippinin cənubunda məktəbə hücum ediblər. Bu barədə yerli polis məlumat yayıb.
Yaraqlılar bir neçə məktəblini girov götürüblər. Xəsarət alanlar barədə hələlik məlumat verilmir.
Əsas döyüşlərin 500-dək yaraqlının toplaşdığı Maravi şəhərində getdiyi bildirilir. İyunun 21-də hərbiçilər şəhərdə növbəti hücum əməliyyatına başlayıblar.
İyunun 20-ə olan son məlumatlara görə, ordu və yaraqlılar arasında toqquşma nəticəsində 257 yaraqlı məhv edilib. Döyüşlər zamanı 62 hərbiçinin və 26 mülki vətəndaşın da həlak olduğu bildirilir.
Qeyd edək ki, cari ilin mayında Filippin Prezidenti Rodriqo Duterte Mindanao əyalətində yaraqlılarla ordu arasında baş verən qarşıdurmaya görə hərbi vəziyyət elan edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio