MƏDƏNİYYƏT
Filmlərimiz Türkiyənin beynəlxalq film festivalında
Bakı, 21 oktyabr, AZƏRTAC
İlqar Safatın “İçəri şəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmləri Türkiyədə 5-ci Van gölü Beynəlxalq Film Festivalına dəvət alıb. Festival oktyabrın 28-dən noyabrın 1-dək Van şəhərində keçiriləcək.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, “İçəri şəhər” və “Qırmızı bağ” bədii filmləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.
“İçəri şəhər” filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rollara Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri çəkiliblər.
“Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (WeiT Media).
Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.