İQTİSADİYYAT


“Financial Times” Yeni İpək Yolu layihəsində Azərbaycanın rolu haqqında reportaj yayımlayıb VİDEO

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Böyük Britaniyanın “Financial Times” qəzeti “Yeni İpək Yolu” layihəsinin həyata keçirilməsində Azərbaycanın mühüm rolu haqqında reportaj yayımlayıb.

“Yeni İpək Yolunu keçərək” adlı reportajda müxbir Cek Ferçi layihənin üstünlükləri barədə məlumat verib. Gəmi ilə Qazaxıstandan Azərbaycana səyahət edən müəllif bildirib ki, bu gün Çin Şərqi Asiyadan Yaxın Şərq və Avropayadək uzanan qədim İpək Yolunu bərpa etməyə çalışır. Minilliklər böyük İpək Yolu ilə ipək parçalar, ədviyyatlar, xalçalar alan Avropaya qiymətli iplərlə dolu karvanlar yollanıb. Qəzetin müxbiri bu gün həmin karvanların nəhəng konteyner qatarları ilə əvəz edildiyini söyləyir. Cek Ferçi yeni İpək Yolunun Çindən Avropa bazarına ən qısa yol olduğunu vurğulayır.

“Financial Times”ın müxbiri ilə söhbətində “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin prezidenti Mixail Yalpaçov Çindən yola düşərək dəmir yolu vasitəsilə Qazaxıstandan keçən konteyner qatarının Aktaudan Bakıya cəmi beş günə çatacağını bildirir.

Müəllif qeyd edir ki, Azərbaycan yeni İpək Yolunun yaradılması ideyasını fəal şəkildə dəstəkləyir və yük daşımalarına tariflərin azaldılması təşəbbüsü ilə çıxış edib. Bu isə öz növbəsində marşrut üzrə yüklərin nəqlini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək.

Azərbaycanın maliyyə naziri Samir Şərifov isə bildirir ki, layihənin reallaşdırılmasına cəlb edilən ölkələrin bütün müvafiq qurumlarının işi yük daşıyıcılarını qane edəcək ədalətli tariflərin müəyyənləşdirilməsindən ibarətdir. Nazir qeyd edir ki, bu gün bütün ölkələr nəqliyyat marşrutlarının şaxələndirilməsində maraqlıdır. Azərbaycan mövcud marşrutlara alternativ təklif edir.

“Financial Times”in müxbiri reportajında diqqətə çatdırır ki, Azərbaycan və Qazaxıstan üçün yeni İpək Yolu iqtisadiyyatın neftdən asılılığını azaltmağa yönələn layihələrdən biridir.

Cek Ferçinin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovla söhbətində vurğulanır ki, bu layihənin həyata keçirilməsi region ölkələri arasında əlaqələri dərinləşdirməyə, yeni iş yerlərinin yaradılmasına imkan verəcək, Azərbaycan kimi dünya okeanına çıxışı olmayan ölkələrin inkişafında böyük rol oynayacaq.

Müxbir Aktau və Bakının bu layihə çərçivəsində regionun aparıcı liman şəhərlərinə çevrilə biləcəyini diqqətə çatdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.