REGİONLAR


Fındıq emalı zavodunun direktoru: Məhsullarımız Rusiya, Almaniya, Fransa, Belçika və digər ölkələrə göndərilir VİDEO

A+ A

Zaqatala, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi: “Ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır... Keçən il fındığın ixracından Azərbaycana 90 milyon dollar vəsait gəlib. Biz yığılan məhsulun həcmini artırmalıyıq. Fındıq istehsalında Azərbaycan dünya miqyasında 3-4-cü yerdədir. Bizim məhsulumuza çox böyük tələbat var”.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, xarici bazarlarda fındığa olan yüksək tələbat, məhsulun dəyərli olması, həmçinin nəqliyyata və uzun müddət saxlanılmağa davamlılığı son dövrlər əhalidə bu sahəyə marağı xeyli artırıb. Rəsmi məlumata görə, torpaq islahatları zamanı rayonda cəmi 5408 hektar fındıq bağı var idisə, islahatdan sonrakı dövrlərdə əhali tərəfindən pay torpaqlarında 4167 hektar sahədə yeni fındıq bağları salınıb.

Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardır. Bu bağların 8 min 665 hektarı barverəndir. Təkcə cari ilin ötən dövründə rayonda 257 hektar sahədə yeni fındıq bağları salınıb. 2015-ci ildə mövcud fındıq bağlarından 9 min tondan çox məhsul götürülüb. Ötən il rayonda sənaye sahəsi üzrə ümumi məhsul buraxılışının 80 faizə qədərini və ya 43 milyon manatını fındıq ləpəsi və ondan istehsal olunan məhsulların satışından gələn gəlirlər təşkil edib.

Rayonda fındıq emalı ilə məşğul olan bir çox müəssisə fəaliyyət göstərir. Belə müəssisələrdən biri də “Aqrovest” MMC-nin Lahıc kəndindəki fındıq emalı zavodudur.

AZƏRTAC-ın müxbiri müəssisədə olub, istehsal prosesi ilə maraqlanıb.

Müəssisənin direktoru Maarif Aslanovun bildirdiyinə görə, zavod 2010-cu ildə fəaliyyətə başlayıb. İllik istehsal gücü 1500-2000 ton olan zavodda Türkiyə, İtaliya və Almaniya istehsallı müasir texnoloji avadanlıq quraşdırılıb. Hazırda zavodda təbii fındıq ləpəsi ilə yanaşı, qovrulmuş və doğranmış ləpə, həmçinin fındıq pastası istehsal olunur. Fındığın qabığından isə müəssisənin özündə yanacaq kimi istifadə edilir. Müəssisədə istehsal olunan fındıq ləpəsi və digər məhsullar satış üçün Rusiya, Almaniya, Fransa, Belçika və digər ölkələrə göndərilir. Mövsüm vaxtı müəssisədə 100 nəfərədək işçi çalışır.

Müəssisənin direktor müavini Həmzə Həsənov AZƏRTAC-a müsahibəsində bu il fındığın keyfiyyətinin çox yaxşı olduğunu, hazırda əhalidən fındıq tədarükünün davam etdiyini diqqətə çatdırıb. Zavodun rəsmisinin bildirdiyinə görə, bu il məhsulun qiyməti əvvəlki illərə nisbətən yüksəkdir. Fındığın bir kiloqramının qiyməti 5-6 manat arasında dəyişir. Bu qiymət istehsalçıya sərf edir, əhalinin gəlirlərinin daha da artmasına səbəb olur, eyni zamanda, rayonun iqtisadiyyatının inkişafına təkan verir.

Qeyd edək ki, hazırda rayonun fındıq bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 4 min tondan çox fındıq tədarük olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.