REGİONLAR
Fındıqçılığın inkişafı üçün İsmayıllıda əlverişli torpaq-iqlim şəraiti var
İsmayıllı, 17 iyul, AZƏRTAC
İyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclasındakı nitqində dövlətimizin başçısı ölkəyə ən çox valyuta gətirən məhsullardan biri olan fındıqçılığın inkişafı ilə əlaqədar qarşıya konkret vəzifələr qoyub.
Qeyd edək ki, İsmayıllı rayonunun ərazisi tarixən fındıqçılıq üçün əlverişli məkan hesab olunub. Təəsüf ki, hazırda bölgədə cəmi 87 hektar fındıq bağı var. Bunun da 69 hektarı məhsuldardır. Bağların demək olar ki, hamısı fərdi təsərrüfatlardadır. Əlbəttə, yeni fındıq bağlarının salınması, fındıqçılığın inkişaf etdirilməsi üçün bölgədə böyük perspektivlər var.
İsmayıllı rayonunda təcrübəli bağban kimi tanınan Topçu kənd sakini Valeh Zərbəliyev AZƏRTAC-ın müxbirinə bildirib ki, dövlətimizin başçısının fındıqçılığın inkişafı, bu sahəyə dövlət dəstəyi ilə bağlı Nazirlər Kabinetinin son iclasındakı çıxışı bağbanları həvəsləndirib: “Fındıq ixracyönümlü məhsul olduğu üçün çox gəlir gətirir. Odur ki, qarşıdakı payızda yeni bağların salınması ilə bağlı məsləhətləşmələr aparırıq. Mən bir bağban kimi İsmayıllıda yaxın gələcəkdə ildə 500 tondan çox fındıq istehsal olunacağı qənaətindəyəm. Bunun üçün rayonumuzda əlverişli torpaq-iqlim şəraiti var”.