REGİONLAR


Fındıqçılığın inkişafında yeni texnologiyaların tətbiqi məsələləri öyrənilir VİDEO

A+ A

Zaqatala, 30 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə noyabrın 30-da Zaqatalada “Fındıqçılığın inkişafında yeni texnologiyaların tətbiqi” mövzusunda elmi-praktiki seminar keçirilib. Elmi-Tədqiqat İnstitutunun şimal-qərb bölgəsində fəaliyyət göstərən dayaq məntəqələrinin elmi işçilərinin və fermerlərin iştirak etdikləri seminarda bu sahənin inkişafı ilə bağlı həyata keçirilən layihələr və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Dayaq Məntəqəsinin təcrübə sahəsində fındıq əkinlərinin gedişi ilə maraqlanıblar. Məlumat verilib ki, respublikamızın şimal-qərb bölgəsində kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Ölkəmizdə fındıq istehsalının böyük hissəsi məhz Zaqatala, Qax, Balakən və ətraf rayonların payına düşür. Fındıq istehsalı bu rayonların əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır. Odur ki, belə işgüzar seminarlar bölgədə yaşayan fermer və sahibkarlar üçün olduqca əhəmiyyətlidir.

Sonra elmi-praktiki seminar Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “dəyirmi masa” arxasında davam etdirilib. Tədbirdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev və başqaları çıxış edərək, fındıqçılığın inkişafı istiqamətində görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, fındıqçılığın, eləcə də kənd təsərrüfatının digər ənənəvi sahələrinin inkişaf etdirilməsi dövlətimizin başçısının diqqət mərkəzindədir və son vaxtlar bununla bağlı davamlı tədbirlər həyata keçirilir.

Seminarda “İnformasiya-məsləhət xidmətinin aqrar sahədə rolu”, “Dünyada fındıq istehsalı və yeni texnologiyalar”, “Fındıq bitkisinin ənənəvi üsulla becərilməsi” mövzularında məruzələr dinlənilib, fermer və sahibkarlara fındıq ağaclarının vaxtında əkilməsi, aqrotexniki qaydalara uyğun becərilməsi və tədarükünə dair məsləhətlər verilib, onların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.