ORDU
Finlandiya Dövlət Teleradio Şirkətinin əməkdaşları cəbhə bölgəsində olublar
Bakı, 27 noyabr, AZƏRTAC
Finlandiya Dövlət Teleradio Şirkətinin (YLE) əməkdaşları Vesa Toiyonen və İvar Heinmaa bir neçə gündür ki, respublikamızda yaradıcılıq ezamiyyətindədirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlar Azərbaycan haqqında yeni sənədli televiziya filminin çəkilişləri ilə əlaqədar cəbhə bölgələrinə səfər edib, müharibə nəticəsində dağıdılaraq viran qalmış yaşayış məntəqələrini öz gözləri ilə görüb, yerli əhali, qaçqınlar, məcburi köçkünlər və hərbçilərlə görüşüblər.
Dünyanın Suriya, Əfqanıstan, İraq, Ukrayna və digər qaynar nöqtələri barədə bir çox filmin müəllifləri olan finlandiyalı telereportyorlar qeyd ediblər ki, onlar 1990-cı illərdən başlayaraq mütəmadi olaraq ölkəmizə gəlir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər.
Onlar əvvəlki filmlərdə neft-qaz məsələlərinə, qaçqınların və məcburi köçkünlərin problemlərinə geniş yer verdikləri halda, növbəti filmdə cəbhə bölgələrindəki reallıqları dünya ictimaiyyətinə çatdırmağı qarşılarına məqsəd qoyublar.
Tərtər rayonunun Qapanlı kəndində 25 yaşlı oğul itirmiş Almaz ananın göz yaşları, hər gün atəş altında yaşamalarına baxmayaraq doğma ocağını tərk etməyəcəyini inamla bildirən Xuraman Qədir qızının fədakarlığı, Laçın rayonundan olan məcburi köçkünlərin Vətən həsrəti, döyüş növbəsi aparan əsgər və zabitlərin vətənpərvərlik ruhu, ayıq-sayıqlığı yeni filmin yaradıcılarını təsirləndirib. Kənd qəbiristanlığında şəhid Elməddin Cəfər oğlunun məzarı yaxınlığında çəkilişlər aparılarkən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin növbəti dəfə pozulduğunun şahidi olublar.
Film üçün müsahibə zamanı polkovnik Abdulla Qurbani ermənilərin Azərbaycana qarşı torpaq iddialarının tarixi, beynəlxalq terrorizmdə erməni terrorizminin yeri barədə ətraflı məlumat verib, son vaxtlar Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv olaraq pozulduğunu, düşmənin tez-tez təxribat xarakterli hərəkətlərə yol verdiyini, cəbhə boyu bölgələrdə yaşayan əhalinin ciddi ziyan çəkdiyini vurğulayıb.
Çəkiliş üçün hərtərəfli şərait yaradıldığına görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirən Finlandiya Dövlət Teleradio Şirkətinin beynəlxalq sənədli filmlər proqramının rəhbəri Vesa Toiyonen və kinooperator İvar Heinmaa Azərbaycana növbəti səfərləri zamanı erməni işğalından azad ediləcək torpaqlarda çəkilişlər aparmaq arzusu ilə cəbhə bölgələrindən xoş təəssüratlarla ayrılıblar.