DÜNYA
Finlandiya XİN: Türkiyə ilə dialoqu qoruyub saxlamaq lazımdır
Helsinki, 13 yanvar, AZƏRTAC
Ankarada səfərdə olan Finlandiya xarici siyasət idarəsinin rəhbəri Timo Soyni deyib ki, Türkiyə ilə dialoqu qoruyub saxlamaq lazımdır. Nazir qeyd edib ki, məsələyə bu cür yanaşmanın alternativi yoxdur, çünki hazırda Avropaya qaçqın axınlarının qarşısını alan Türkiyədir.
Türkiyə ilə Avropa İttifaqı arasında danışıqların davam etdiriləcəyinə ümid bəsləyən nazir Timo Soyni Helsinki ilə Ankara arasında ikitərəfli münasibətlərin “yaxşı” olduğunu söyləyib.
Finlandiya XİN rəhbəri Türkiyədə bir sıra görüşlər keçirib, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb.
T.Soyni Rusiya ilə Türkiyənin yaxınlaşması mövzusuna toxunaraq bildirib ki, hər iki ölkə, məsələn, Suriyada ortaq maraqlarının çox olduğunu anlayıb. Finlandiya XİN başçısının fikrincə, Qərb də bu danışıqlara qoşulmalıdır.
Xarici işlər naziri Timo Soyni Ankarada bəyan edib ki, son illərdə yaranmış vəziyyət burada ciddi uğurlar olmamasını göstərir. Adamlar həyatını itirib, xeyli insan qaçqın vəziyyətinə düşüb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki