İQTİSADİYYAT
Finlandiya biznesmenləri Azərbaycanın paytaxtına valeh olublar
Helsinki, 25 may, AZƏRTAC
“Nordea” Bankının prezidenti, Finlandiya Birja Maklerləri Assosiasiyasının idarə heyətinin müşaviri Henri Malvetin başçılığı ilə Finlandiya sərmayədarlarının nümayəndə heyəti “Dostluq” Azərbaycan-Finlandiya Cəmiyyətinin başçısı Təranə Nəzərovanın təşəbbüsü ilə Bakıda olub. Bu barədə cəmiyyətin başçısı Təranə Nəzərova AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində danışıb. O deyib: “Finlandiyanın ölkəmizdəki investisiya və sahibkarlıq mühitinə ciddi maraq göstərən iri biznesmenlərinin Azərbaycan paytaxtına səfərinin təşkili ilə şəxsən məşğul olmuşam”.
Nümayəndə heyətinə ”Integria Logistics Oy” şirkətinin direktoru Timo Koivumaki, Cənubi Savo Kommunalar İttifaqının başçısı Pentti Myakinen, tanınmış sərmayədarlar Mika Heykkilya, Panu Saukkonen və başqaları daxil olublar. Finlandiyalı biznesmenlər Azərbaycan Dövlət Neft Fondunda seminarda iştirak ediblər.
Görüşlərdə Azərbaycanda xarici şirkətlər üçün investisiya təklifləri müzakirə edilib.
T.Nəzərovanın sözlərinə görə, Panu Saukkonen, Timo Koivumaki, Mika Heykkilya Helsinkiyə qayıdandan sonra Azərbaycanın paytaxtı barədə təəssüratlarını bölüşüblər.
Finlandiyalı biznesmen Panu Saukkonen “Facebook” səhifəsində yazıb: “Bu gün hər hansı ölkənin və şəhərin təəccüb yaratması nadir hadisədir. Amma Bakı mehriban, məğrur və çox təmiz şəhərdir. Məncə, Nyu-Yorka getməkdənsə, bura gəlmək yaxşıdır. Monakoya oxşayan bu şəhərdə devalvasiyadan sonra restoranlar, mehmanxanalar və qalan xidmətlər avropalının adət etdiyi qiymətlərdən xeyli ucuzdur. Bakı sakinləri qarşısına çıxan adamın gözünün içinə baxmaq bacarığını itirməyən fantastik gözəl insanlardır. Restoranlar və şərablar hətta ağzının dadını bilən təcrübəli adamları da heyran qoyur. Qloballaşma bu möcüzənin sonuna çıxmamış, tez bura gəlin”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki