ELM VƏ TƏHSİL
Finlandiya və Estoniyanın təhsil ekspertləri öz ölkələrində olan təcrübələri bölüşüblər
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Finlandiya və Estoniyanın təhsil ekspertləri Rauko Hamalainen, Reyt Tompere və Orjan Anderson ilə görüşüb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Qeyd edib ki, 1921-ci ildə yaradılan universitet fəaliyyət göstərdiyi 95 il ərzində ölkəmizdə elm və təhsilin inkişafına böyük töhfələr verib. Ali məktəbin tərkibində Ağcabədi, Cəlilabad, Quba, Şəki və Şamaxı filialları və Azərbaycan Dövlət Pedaqoji Kolleci fəaliyyət göstərir. Burada, təxminən 20 minə yaxın tələbə təhsil alır. ADPU-da ali təhsilin bakalavr səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 18 ixtisas üzrə pedaqoji kadr hazırlanır. Ölkə rəhbərliyi təhsil sahəsinə, o cümlədən pedaqoji təhsilə və müəllim hazırlığına xüsusi diqqət və qayğı göstərir.
Rektor Finlandiya və Estoniya ali təhsil müəssisələrinin yaratdığı Rektorlar Konfransı kimi təşkilatların ali məktəblərin inkişafı üçün faydalı platforma olduğunu qeyd edib.
Görüşdə Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Twinning” layihəsinin əhəmiyyəti vurğulanıb.
Finlandiyanın və Estoniyanın təhsil ekspertləri öz ölkələrində olan təcrübələri bölüşüb və bunların bir çoxundan Azərbaycan ali təhsil müəssisələrinin faydalana biləcəyini qeyd ediblər.