CƏMİYYƏT
Finlandiyada təbii fəlakətlər üzrə ekspertlər üçün təlim təşkil olundu
Bakı, 26 may, AZƏRTAC
Mülki Müdafiə Təlim Proqramı və Şərq Tərəfdaş Ölkələrində Təbii və Texnogen Fəlakətlərin Qarşısının Alınması, Hazırlıq və Cavab Tədbirləri üzrə Şərq Proqramı çərçivəsində Finlandiyanın Kuopiyo şəhərində yerləşən Krizislərin idarəetmə mərkəzində təlim təşkil olunub. Təlimdə vaxtı ilə digər mərhələləri keçib uğurla bitirmiş Cənubi Qafqaz, Belarus, Moldova və Ukrayna ölkələrindən olan namizədlər iştirak ediblər.
AZƏRTAC Azərbaycan Qızıl Aypara Cəmiyyətinin saytına istinadən xəbər verir ki, təlim təbii fəlakətlər zamanı düzgün əməliyyatların aparılmasının əsas elementidir və ona görə də təlim boyu koordinasiya mexanizmlərinə xüsusi diqqət yetirilib. Təlimdə təqdim olunan mövzulara yeni və bundan öncə müzakirə olunan məsələlər də daxil edilib: təbii fəlakətlərdə həyata keçirilən əməliyyatlar zamanı danışıqların aparılması, beynəlxalq əməliyyatların ölkə səviyyəsində idarə olunması, məlumatın idarə edilməsi və istiqamətləndirilməsi, müxtəlif tərəfdaşlarla, qeyri-hökumət təşkilatları, Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissələri olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlıq, kütləvi informasiya vasitələri ilə işlərin qurulması və məlumatların düzgün ötürülməsi. Daha geniş şəkildə izah edilmiş mövzular praktiki məşğələlərlə müşayiət olunub.