İDMAN
Finlandiyalı voleybolçu: Avropa Oyunları “Rio-2016” Olimpiya Oyunlarına təcrübə toplamaq baxımından böyük əhəmiyyət kəsb edir
Bakı, 18 aprel, AZƏRTAC
Finlandiyalı məşhur çimərlik voleybolçusu Riikka Lehtonen əmindir ki, Avropa Oyunları onun üçün “Rio-2016”ya vəsiqə qazanmaq yolunda dönüş nöqtəsi olacaq.
CEV Çempionları Liqası yarışlarında Fransanın “Cannes” klubu ilə görüşdə iki dəfə qalib gələn finlandiyalı oyunçu komanda yoldaşı Taru Lahti ilə birlikdə “Bakı-2015”də iştirak etməyə vəsiqə qazanıb. Avropa Oyunlarında çimərlik voleybolu yarışlarında Finlandiyanın iki qadın komandası yarışacaq. Digər komandanı Emiliya və Erika Nyström bacıları təmsil edəcəklər.
“Bakı-2015” başlayanda 35 yaşlı R.Lehtonen müəyyən mənada özünü evində hiss edəcək. Çünki bu voleybolçu 2013-cü ildən etibarən Bakının “Azərrail” klubunda oynayır.
O deyib ki, 2006-cı ildə İtaliyanın “Berqamo” klubu ilə Çempionlar Liqası yarışları çərçivəsində ilk dəfə Azərbaycanın paytaxtına səfərindən sonra şəhər çox dəyişilib. Bakı indi çox inkişaf edib. Şəhər valehedici Dubayı xatırladır. R.Lehtonen əmindir ki, çimərlik voleybolu “Rio-2016” Yay Olimpiya Oyunlarının proqramına daxil olduğu üçün “Bakı-2015” çox maraqlı yarış olacaq. Avropa Oyunları “Rio-2016” Oyunlarına təcrübə toplamaq baxımından böyük əhəmiyyət kəsb edir.
Beynəlxalq Voleybol Federasiyasının 2015-ci il çimərlik voleybolu mövsümü aprelin 21-də Çində açıq Fuçjou Oyunları ilə başlayır. Həmin yarışlar aprelin 26-dək davam edəcək.