İQTİSADİYYAT
Finlandiyanın “Ruukki Construction” şirkəti Azərbaycan bazarına çıxmaqda maraqlıdır
Bakı, 3 noyabr, AZƏRTAC
Finlandiyanın tikinti üçün polad və polad konstruksiyaların həllərinin aparıcı beynəlxalq təchizatçısı olan “Ruukki Construction” şirkəti Azərbaycan bazarına çıxmaqda maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Ruukki Construction” şirkətinin komponentlərin satışı və ixrac satışı üzrə direktor müavini Roman Senatorov bildirib.
R.Senatorov qeyd edib ki, şirkət Azərbaycan bazarına çıxmaqda maraqlıdır. “Azərbaycanda kifayət qədər ciddi əməkdaşlıq etdiyimiz şirkətlər və bu ölkədə realizə etdiyimiz bir sıra böyük obyektlər var. Hazırda biz Azərbaycanda bu obyektlərlə, xüsusən də “Azərsun” şirkəti ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik. “Ruukki Construction” “Azərsun” ilə əlaqələrini inkişaf etməyi planlaşdırır. Azərbaycanın “Azərsun” şirkəti bizim şirkətin aparıcı tərəfdaşlarından biridir”, - deyən direktor müavini bildirib ki, gələcəkdə Azərbaycanda kiçik obyektlərin, eləcə də sifarişçilərin sayı artarsa şirkət Bakıda nümayəndəliyini aça bilər.
“Bizim şirkət yüksək keyfiyyətli məhsul sayəsində bütün dünyada məşhurdur. Biz çox şadıq ki, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Qırğızıstandan olan sifarişçilər bizim məhsul və xidmətlərimizi layiqincə yüksək qiymətləndirir. Tikinti üçün polad və polad konstruksiyaların həllərinin aparıcı beynəlxalq təchizatçısı olan “Ruukki Construction” şirkəti regionda öz biznesinin inkişafında maraqlıdır və Mərkəzi Asiyada fəaliyyətini genişləndirəcək”, – deyə R.Senatorov diqqətə çatdırıb.
Qeyd edək ki, “Ruukki Construction” şirkətinin 2008-ci ildən Qazaxıstanda nümayəndəliyinin açıldığı vaxtdan indiyədək Mərkəzi Asiyada sənaye, kənd təsərrüfatı, ərzaq və avtoriteyl, logistika, həmçinin idman obyektləri üzrə 180-dən çox layihə həyata keçirib. Mərkəzi Asiyada “Ruukki”nin sifarişçiləri sırasına "Şevron Munayqaz İnk", “Toyota City Astana”, “Almaty ICEBERG”, “ARSA Industry”, “Bəy +” və başqaları daxildir.