İQTİSADİYYAT
Finlandiyanın “Telko” şirkəti Azərbaycanda regional mərkəz yaradır
Bakı, 16 iyul, AZƏRTAC
Kimya sənayesi, polimerlər və sənaye yağlarının təchizatı üzrə 17 ölkədə fəaliyyət göstərən Finlandiyanın “Telko” şirkəti Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ölkəmizdə regional mərkəzin yaradılmasına qərar verib.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, bununla bağlı AZPROMO və “Telko” MMC arasında gələcəkdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə dair anlaşma memorandumu imzalanıb. Hər iki qurum arasında bundan sonrakı mərhələlərdə biznesin genişləndirilməsi, ölkəmizdə fəaliyyət göstərən istehsalçılarla əlaqələrin qurulması və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı xarici bazarlara çıxış əldə etmək, regionda ticarət və biznes əlaqələrini inkişaf etdirmək baxımından Azərbaycanın strateji mövqeyinin əlverişli olduğu vurğulanıb.
“Telko” şirkətinin nümayəndələri Azərbaycanda istehsal olunan kimya məhsullarının şirkətin xarici ofisləri vasitəsilə dünya bazarına ixracının genişləndirilməsinin mümkünlüyünü diqqətə çatdırıblar.