DÜNYA
Finlər yağış yağdırmaqda Birləşmiş Ərəb Əmirliklərinə kömək edəcəklər
Helsinki, 8 fevral, AZƏRTAC
Finlandiya alimləri yağışla bağlı iqlim tədqiqatlarına dair dövlət proqramı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərindən sanballı maliyyə yardımı alıblar.
Hannele Korhonenin rəhbərlik etdiyi layihənin məqsədi aerozol zərrəcikləri deyilən zərrəcikləri və yağış buludlarının əmələ gəlməsinə onların təsirini öyrənməkdir. Layihədə Finlandiya Meteorologiya İnstitutu, Helsinki Universiteti və Tampere Texniki Universiteti iştirak edirlər.
Birləşmiş Ərəb Əmirlikləri havanın idarə olunması sahəsində fin tədqiqatçılarının fəaliyyətini Finlandiyada yağıntı bol olduğuna görə maliyyələşdirmir. Səbəb aerozol zərrəciklərini və yağışın əmələ gəlməsində bu zərrəciklərin rolunu araşdıran unikal elmi sahədir.
Hannele Korhonen məsələyə aydınlıq gətirərək deyib: “Yağış buludlarının formalaşmasının səmərəliliyinə dair etibarlı elmi məlumat yoxdur. Odur ki, bu tədqiqatın vəzifəsi yağıntının idarə olunması üçün elmi baza yaratmaqdır. Hazırda bu maliyyələşdirmə proqramı həmin mövzuya ən sanballı töhfədir. Belə qərarlar quraq iqlimdən əziyyət çəkən ölkələrdə quraqlıq probleminin qismən həllinə çevrilə bilər. Ancaq unutmaq lazım deyildir ki, bu metodun necə işlədiyinin elmi izahı hələlik natamamdır”.
BMT-nin məlumatına görə, 2025-ci il üçün Yer kürəsi əhalisinin üçdəiki hissəsi quraqlıq zonada yaşayacaq və su ilə bağlı ən azı müvəqqəti çətinliklər hiss edəcək. Süni yağış iqlimi quraq olan rayonlara böyük rahatlıq gətirə bilər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki