REGİONLAR
Firəngiz Əlizadə: “İpək yolu” VII Beynəlxalq musiqi festivalı hafizəmizə parlaq hadisə kimi həkk olunacaq VİDEO
Şəki, 2 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Çox şadıq ki, “İpək yolu” VII Beynəlxalq musiqi festivalı planlaşdırdığımız kimi, gözəl, yüksək səviyyədə keçdi. Biz yenə də tamaşaçılara Şəkinin gözəl məkanlarını, “Yuxarı Karvansaray” kompleksini, Yay teatrını, Şəki xanlarının sarayını, eləcə də onların önündə təşkil olunan konsertləri göstərə bildik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə jurnalistlərə müsahibəsində deyib.
Bəstəkarlar İttifaqının sədri festivalın birinci konsertini – TÜRKSOY-un Beynəlxalq Xalq Çalğı Alətləri Orkestrinin çıxışını xüsusi vurğulayaraq deyib: “Bu, bənzəri olmayan bir hadisədir ki, bir konsertdə 11 xalqın, millətin nümayəndələri çıxış etsinlər. Onların milli kostyumları, milli çalğı alətləri, milli melodiyaları hamımızı valeh etdi”.
Festivalda Yaponiya və İran ansambllarının konsertlərinin də yüksək səviyyədə keçdiyini bildirən Firəngiz Əlizadə deyib: “Bütün bu konsertlər tacın bir inciləri kimi düzüldülər və yeddinci festivalın mənzərəsini yaratdılar. Beləliklə, “İpək yolu” VII Beynəlxalq musiqi festivalı da tarixə yazıldı. İnanıram ki, bu festival hafizəmizə ən gözəl, parlaq bir hadisə kimi həkk olunacaq”.