CƏMİYYƏT
Firudin Nəbiyev: Son dövrlər qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində ciddi tədbirlər görülür
Bakı, 4 may aprel, AZƏRTAC
Son dövrlər qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində çox ciddi tədbirlər görülür. Təkcə son iki ay ərzində Dövlət Miqrasiya Xidməti üç mütəşəkkil qrup aşkar edib. Onlar Banqladeş və Pakistan vətəndaşlarını Azərbaycana viza ilə dəvət etməklə, buradan və digər ölkələrə, o cümlədən Avropaya göndərməyə səy göstəriblər. Bununla əlaqədar təxminən 75 nəfər aşkar edilib. Həmin üç qrupun əsas təşkilatçıları da aşkarlanaraq ölkə hüdudlarından kənara çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev mayın 4-də jurnalistlərə müsahibəsində deyib.
Son illər ölkəmizdə qanunsuz miqrasiya hallarının sayının kəskin şəkildə azaldığını deyən F.Nəbiyev bildirib ki, 2012-ci ildə 633 şirkətdə əməkçi miqrantlarla bağlı qanun pozuntusu aşkarlanmışdısa, ötən il bu göstərici 153 olub. Bu, deməkdir ki, sahibkarlar, iş adamları qanunlara tam riayət edirlər.