İQTİSADİYYAT


“Fitch Ratings”: OPEC-in qərarı qlobal neft ehtiyatlarının azalmasına kömək olacaq

Bakı, 27 may, Nihad Budaqov, AZƏRTAC 

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilat səviyyəsinin azaldılması üzrə sazişin müddətini uzatması qlobal xam neft ehtiyatlarının böyük hissəsinin azalmasına kömək olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.

“Sazişin müddətinin 2018-ci ilin mart ayının sonuna qədər uzadılması dünya üzrə xam neft ehtiyatlarının həcminin böyük hissəsinin azalmasına kömək olacaq. Lakin qlobal xam neft ehtiyatlarının həcmi gələn il yenidən arta bilər. OPEC neft hasilatının səviyyəsinin azaldılmasına dair sazişin müddətini gələn il yenidən uzatmasa, qlobal miqyasda yeni neft layihələri icra edilərsə və ABŞ-da şist nefti hasilatı artarsa bu, qlobal ehtiyatların həcmini yenidən artıracaq”.

“Fitch Ratings”ə görə, əgər qlobal neft ehtiyatları azalmasa və neftin qiyməti bahalaşmasa OPEC hasilat səviyyəsinin azaldılması üzrə sazişin müddətini uzatmaya bilər. OPEC sazişin müddətini uzatmadan öncə əvvəlki hasilat səviyyəsinə qayıdaraq bazar payını qorumağa çalışacaq. Kartelə üzv ölkələr isə neft hasilatının həcmini artıraraq gəlirlərini yüksəltməyi seçə bilərlər.

Reytinq agentliyi “Brent” markalı xam neftin bir barrelinin qiymətinin qısa müddətdə 50-55 dollar, uzun müddətdə isə 65 dollar/barrel səviyyəsində olacağını nəzərdə tutur.

Xatırladaq ki, mayın 25-də Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelə üzv və qeyri-OPEC ölkələr neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılmasına qərar veriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.