CƏMİYYƏT
“Fitnə” filmi daha bir ali təhsil ocağında nümayiş etdirilib VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin dekabrın 9-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi və məsul şəxsləri, akademiyanın pedaqoji kollektivi və tələbələri iştirak ediblər.
Əvvəlcə sənədli film nümayiş etdirilib.
Akademiyanın rektoru Fuad Hacıyev bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dini radikalizmlə mübarizədə təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşür. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanıb. O, “Fitnə” filminə müxtəlif qurumlarda, xüsusilə də ali təhsil ocaqlarında kütləvi baxışların keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Rektor “Fitnə” filminin nümayişinin gənclərin maarifləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb. Bu filmin gənclərimizin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından mühüm olduğunu qeyd edib.
DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, komitə tərəfindən hazırlanmış bu filmin əsas məqsədi radikalizmlə mübarizə, dini, psixoloji, hüquqi, siyasi və mənəvi təbliğatın aparılmasıdır. O, Azərbaycanda heç zaman dini və məzhəb ayrı-seçkiliyinin müşahidə olunmadığını diqqətə çatdırıb. Dövlətin dinə qayğısından danışan M.Qurbanlı hazırda ölkəmizdə 2 mindən artıq məscidin fəaliyyət göstərdiyini bildirib. Xurafat və dini radikalizmin təhlükəli olduğunu bildirən komitə sədri ölkəmizdə dini ekstremizm və radikalizmlə mübarizə tədbirlərindən danışıb.
M.Qurbanlı qeyd edib ki, hazırda dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr mövcuddur. Həmin radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etmək üçün çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin keçirilməsi vacibdir. O, belə maarifləndirici sənədli filmlərin radikal qruplara qoşulanların sayının azalmasına təsir göstərəcəyini bildirib.
Tədbir film ətrafında müzakirələrlə davam edib.