İQTİSADİYYAT


“Fitosanitar müfəttişlərinin bitki mənşəli məhsulların ixracının sertifikatlaşdırılması üzrə təlimi” mövzusunda seminar işə başlayıb

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi - MTF/AZE/007/STF” layihəsi çərçivəsində “Fitosanitar müfəttişlərinin bitki mənşəli məhsulların ixracının sertifikatlaşdırılması üzrə təlimi” mövzusunda seminar işə başlayıb.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ümumdünya Ticarət Təşkilatının maliyyə dəstəyi ilə növbəti üç il ərzində həyata keçiriləcək layihənin əsas məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və ekosistemin mühafizəsi üçün fitosanitar nəzarətin təkmilləşdirilməsi məqsədilə Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən nəzarət və diaqnostik xidmətlərin təminatının yaxşılaşdırılmasına dəstək verməkdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev tədbirdə Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar və inkişaf istiqamətləri, ərzaq təhlükəsizliyinin və bitki mənşəli məhsulların ixracının təmin edilməsində fitosanitar nəzarətinin rolu, Dövlət Xidmətində aparılan struktur dəyişiklikləri və gələcək planlar haqqında ətraflı məlumat verib.

Daha sonra FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak təşkilatın Azərbaycanda reallaşdırdığı layihələrdən danışıb, hazırda bitki mənşəli məhsulların beynəlxalq ticarətinin inkişafı və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkədə fitosanitar nəzarətin daha da gücləndirilməsinin zəruriliyini bildirib.

Layihənin rəhbəri, beynəlxalq ekspert Ringolds Arnitis karantin nəzarətində olan məhsulların ixracı üçün fitosanitar nəzarəti sahəsində çalışan Dövlət Fitosanitar Nəzarəti Xidməti mütəxəssislərinin peşə hazırlığının artırılması, ixrac tənzimləmə sisteminin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

Üç gün davam edəcək seminarda iştirakçılara ixrac olunan bitkiçilik məhsullarının fitosanitar sertifikatlaşdırılması üzrə mövcud qabaqcıl təcrübələrə dair nəzəri biliklərlə yanaşı, Xaçmaz rayonunda yük partiyasına fitosanitar baxışın keçirilməsi, nümunələrin götürülməsi, fitosanitar sertifikatların hazırlanması kimi məsələlərə dair praktiki təlimlər də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.