ELM VƏ TƏHSİL
Fizika, kimya və biologiya fənləri üzrə məktəblərarası müsabiqələr
Bakı, 22 noyabr, AZƏRTAC
Təhsil Nazirliyinin təşəbbüsü ilə fizika, kimya və biologiya fənləri üzrə keçirilən məktəblərarası müsabiqələrin birinci mərhələsi yekunlaşıb.
Şagirdlərin qeyd edilən fənlərə olan marağının artırılması, istedadlı şagirdlərin aşkar olunması məqsədilə təşkil olunmuş müsabiqələrdə Bakı və Sumqayıt şəhərləri üzrə 28 məktəbdən 252 şagird iştirak edib. Hər bir məktəb VII, VIII və IX siniflərin hər birindən 3 şagird olmaqla, cəmi 9 şagirddən ibarət komanda ilə təmsil olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqələrin birinci mərhələsinin nəticələrinə əsasən, komanda hesabında 5 məktəb - Bakıdakı 287 nömrəli “Zəkalar” liseyi, 220 nömrəli məktəb-lisey, 291 nömrəli Ekologiya liseyi, Sumqayıtdakı Təbiət elmləri təmayüllü gimnaziya, Humanitar və təbiət-riyaziyyat təmayüllü “İstedad” liseyi ən yüksək nəticələr göstəriblər.
Müsabiqələrin ikinci mərhələsinin noyabrın 29-da keçirilməsi nəzərdə tutulub. İlin sonunadək müsabiqələrin üçüncü mərhələsi də keçiriləcək. Bu mərhələlərin ümumi nəticələrinə əsasən, həm fərdi, həm də komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.