DÜNYA
Fizika sahəsində 2015-ci ilin Nobel mükafatı laureatlarının adları elan edilib
Stokholm, 6 oktyabr, AZƏRTAC
Bu gün İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi fizika sahəsində 2015-ci ilin Nobel mükafatının neytrinonun kütləsinin mövcud olmasını təsdiq edən neytrino ossilyasiyalarının kəşfinə görə iki alimə - yaponiyalı Takaaki Kodzitaya və kanadalı Artur Makdonalda verildiyini elan edib.
Xatırladaq ki, Alfred Nobelin vəsiyyətinə əsasən fizika sahəsində mükafat bu sahədə ən əhəmiyyətli kəşfin və ya ixtiranın müəllifinə verilməlidir. Mükafatı Stokholmda yerləşən İsveç Kral Elmlər Akademiyası verir. Akademiyanın işçi orqanı – Fizika üzrə Nobel Komitəsidir. Bu komitənin üzvləri akademiya tərəfindən üç il müddətinə seçilir.
Mükafatın təqdim edilməsi mərasimi hər il dekabrın 10-da iki ölkənin – İsveçin və Norveçin paytaxtlarında keçirilir. Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatlar Stokholmda İsveç kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda, şəhər ratuşasında Norveç kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.
Laureatlara pul mükafatı ilə yanaşı üzərində Nobelin təsvir edildiyi medal və diplom təqdim olunur. Pul mükafatının məbləği Nobel fondundan alınmış gəlirdən asılı olaraq dəyişir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm