REGİONLAR


Fiziki imkanı məhdud olan Kəngərli sakini 5 hektar sahədə bağ salıb

A+ A

Naxçıvan, 10 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakini Hümbət Həsənov bir qolunun olmamasına baxmayaraq, Naxçıvan-Sədərək magistral yolunun kənarındakı 5 hektarlıq sahədə bağ salıb.

Hazırda 66 yaşı olan Hümbət Həsənov 1972-ci ildən sağ qolunu itirib, sağlamlıq imkanı məhduddur. Amma bu, onun təbiətə sevgisinə təsir etməyib. İnsanlar onun saldığı bağdan meyvə dərdikcə, burada istirahət etdikcə Hümbət Həsənov sevincindən qanadlanıb uçur. Bir sözlə, ərsəyə gətirdiyi bağ həm də onun qol-qanadıdır. O, əkdiyi ağacları öz övladları hesab edir. Elə vaxtının çoxunu da övladları, nəvələri ilə birlikdə bu bağda keçirir. Nəvələrindən Firdovsi söz verib ki, babasından sonra bu bağa özü qulluq edəcək.

Hümbət Həsənov yol kənarına əkdiyi ilk iydə ağacını da unutmayıb. O deyir ki,, sonradan bu sıraya tut, alça, ərik, badam, albalı ağacları qoşulsa da, bu ağacın yeri bir başqadır. Hümbət Həsənov vurğulayır ki, Naxçıvanda təbiəti sevən insanların sayı günbəgün artır. Bu gün məktəblidən ahıladək hər bir naxçıvanlı iməciliklərdə iştirak edir, torpağa yüzlərlə ting əkir, ona qulluq edib, boya-başa çatdırır. Bu gün Naxçıvan Azərbaycanın yaşıl ürəyinə çevrilir. Hamı düşünür ki, əkdiyi hər bir ağac aldığı nəfəsdir, ona nəfəs qədər yaxındır.

Gəncləri ağac əkməyə, təbiəti qorumağa və bu yolla dünyanı xilas etməyə çağıran Hümbət Həsənov deyir ki, ağac var çiçəyi, yarpağı, qabığı ilə dərdlərə məlhəmdir. Ağac var, meyvəsi ilə süfrəmizə yaraşıq verir. Ağac da var ki, görkəmi ilə göz oxşayır, bağları, parkları həyətləri bəzəyir. Ümumilikdə isə ağaclar insanın sağlamlığının qoruyucusu, boya-başa çatdığı məkanın yaraşığıdır.

Bəli, sadə insanlar ucalmağı, iz qoymağı elə sadə yolla bacarırlar. Elə buna görə də görkəmli təbiətşünas alimimiz, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi deyirdi ki, ucalmaq üçün hündür ağacların başına çıxmaq yox, körpə fidanlar əkmək lazımdır.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.