REGİONLAR
Fiziki məhdudiyyətli bacarıqlı insanların əl işlərindən ibarət satış-sərgi təşkil olunub
Gəncə, 28 iyul, AZƏRTAC
Gəncənin Park-Bulvar Kompleksində “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən fiziki məhdudiyyətli bacarıqlı insanların əl işlərindən ibarət “Bacarıqlı əllər” adlı satış-sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” adlı layihə çərçivəsində həyata keçirilib.
Tədbirin keçirilməsində məqsəd fiziki məhdud bacarıqlı insanların fəaliyyətini ictimaiyyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və istedadları sayəsində maddi rifah halının yaxşılaşmasında onlara dəstək olmaqdır.
Sərgidə 8 müəllifin 250-yə yaxın əl işi nümayiş olunub.
“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov layihə haqqında məlumat verərək bildirib ki, sərgidə nümayiş olunan əsərlər müəlliflərin özlərinin iştirakı ilə satışa çıxarılıb.
O deyib ki, regionlarda yaşayan fiziki imkanları məhdud istedadlı insanların fəaliyyətinin inkişaf etdirilməsinə dövlətimiz həssaslıqla yanaşır və bu sahədə dövlət proqramları həyata keçirilir. Gəncədə mütəmadi olaraq istedadlı insanların əl işlərindən ibarət sərgilər təşkil edilir və bu işdə maraqlı olan qeyri-hökumət təşkilatlarına hər cür şərait yaradılır.
Sonda əl işlərinin sahibləri fəxri fərman və diplomlarla təltif edilib.