İQTİSADİYYAT
Fiziki şəxsin istehsal etdiyi dondurmalarda bakteriyalar aşkarlanıb
Bakı, 25 iyul, AZƏRTAC
İstehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülən tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan fiziki şəxs Tahir Qasımovun istehsal etdiyi dondurmaların ilkin laborator müayinəsi aparılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müayinə zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyənləşdirilib.
Bu pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən fiziki şəxs Tahir Qasımova məxsus dondurma sexində birgə nəzarət tədbirləri həyata keçirilib, məhsulların müayinəsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada nümunələr götürülüb.
Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "Panda", "Karolina", "Mirage" və "Zontik" plombir dondurmalarında, "Matroskin" südlü dondurmada bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.
Eyni zamanda, "Karolina" və "Zontik" plombir dondurmalarında, eləcə də "Matroskin" südlü dondurmasında mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının da normativ sənədlərlə müəyyən olunmuş miqdardan artıq olduğu aşkarlanıb.
Qanun pozuntuları ilə əlaqədar fərdi sahibkar Tahir Qasımova qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilib və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.
İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir.
Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.
İstehlak bazarında birgə nəzarət tədbirləri davam etdirilir.