ELM VƏ TƏHSİL
Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Qarayev adına Fiziologiya İnstitutunun görmənin fiziologiyası yaradıcı qrupunun rəhbəri, biologiya elmləri doktoru Elmira Pənahova Minsk şəhərində ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ezamiyyətin məqsədi “Eksperimental heyvanlarda Alsheymer xəstəliyinin modelləşdirilməsi” mövzusunda aparılan birgə tədqiqatların nəticələrinin müzakirəsi və davam etdirilməsi idi.
E.Pənahova Belarus Milli Elmlər Akademiyasının (MEA) Fiziologiya İnstitutunda “Görmə analizatoru sistemi: fundamental və tətbiqi aspektlər”, Belarus MEA-nın İnnovasiya Problemləri və İnformatika İnstitutunda təşkil olunan seminarda isə “Görmə analizatorunun neyron şəbəkələri” mövzularında məruzələrlə çıxış edib.
Sankt-Peterburq şəhərində “Neyrotexnologiyalar kontekstində video və siqnal prosessinqi” mövzusunda simpoziuma moderator kimi dəvət alan azərbaycanlı alim müəlliflər qrupu adından “Görmə sisteminin perseptiv funksiyasının amiqdalyar idarəsinə dair” mövzusunda məruzə ilə çıxış edib.