ELM VƏ TƏHSİL
Fiziologiya İnstitutunda Parisin Paster İnstitutunun nümayəndəsi ilə görüş olub
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Parisin Paster İnstitutunun Avropa ölkələri üzrə əlaqələndiricisi David İtier ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbir bu elm müəssisəsinin əməkdaşlarının Avropa İttifaqının “Horizon-2020” Çərçivə Proqramı üzrə IncoNet ŞT layihəsi - Şərq Tərəfdaşlığı ölkələri ilə beynəlxalq əməkdaşlıq şəbəkəsi çərçivəsində tədqiqat və innovasiyalar proqramı ilə tanışlığı məqsədi daşıyıb.
Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimovanın təşəbbüsü ilə keçirilən görüşdə D.İtier Avropa Komissiyası fondunun qrantlarına təqdim olunmaq üçün müraciətin növləri, layihələrə qoyulan tələblər, tədqiqat sahələri, tərəfdaşların tapılması və digər məsələlər barədə ətraflı məlumat verib. Fiziologiya İnstitutunun maraq dairəsinə daxil olan qocalma və uzunömürlülük problemi üzrə tədqiqatların “Horizon-2020” Çərçivə Proqramında xüsusi yer tutduğu bildirilib.
Sonda institut əməkdaşlarının sualları cavablandırılıb.