SİYASƏT


Flamand regionu parlamentində Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparılıb

A+ A

Brüssel, 5 oktyabr, AZƏRTAC

Belçikada səfərdə olan Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov oktyabrın 5-də bu ölkənin Flamand regionunun parlamentinin prezidenti Yan Peumans ilə görüşüblər.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Münaqişənin tarixi haqqında məlumat verən deputat Rövşən Rzayev Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, nəticədə 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı Xocalı soyqırımı da daxil olmaqla çoxsaylı müharibə cinayətlərinin törədildiyini diqqətə çatdırıb. O, etnik təmizləmə nəticəsində bu gün həmin icmanın Azərbaycanın müxtəlif bölgələrində yaşadığını və doğma torpaqlarına qayıtmaq imkanına malik olmadığını deyib. Deputat, həmçinin münaqişənin həlli istiqamətində müstəsna əhəmiyyətə malik amil kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasının vacibliyini önə çəkib, erməni tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən bu səylərin indiyədək heç bir nəticə vermədiyini vurğulayıb, bu dialoqun qurulmasında avropalı tərəfdaşlarımızın dəstəyinə ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Deputat Fuad Muradov Azərbaycanın regionda davamlı sülhün qurulmasında maraqlı olduğunu və bunun üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayıb. O, avropalı parlamentarların Azərbaycanın razılığı olmadan işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfərlərinin beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyini, münaqişənin həllinə qətiyyən töhfə vermədiyini, əksinə bunun münaqişənin bu vəziyyətdə saxlanılmasında maraqlı qüvvələr tərəfindən sui-istifadə edildiyini söyləyib.

Y.Peumans Flamand regionu parlamentinin bir neçə üzvünün öncədən Azərbaycan tərəfi ilə razılaşmadan Dağlıq Qarabağ bölgəsinə etdikləri səfərlə bağlı Azərbaycanın ciddi narahatlığından xəbərdar olduğunu bildirib. O, bu səfərin heç bir halda Flamand parlamentinin fəaliyyəti ilə əlaqəli olmadığını, həmin deputatların şəxsi təşəbbüsləri əsasında reallaşdırıldığını vurğulayıb, gələcəkdə belə halların qarşısının alınması üçün müvafiq məlumatların həmin deputatlara çatdırılacağını qeyd edib.

Deputatlar Y.Peumansı Azərbaycana səfərə dəvət ediblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.