MƏDƏNİYYƏT
Florensiyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin 8-ci toplantısı keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
İtaliyanın Florensiya şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin 8-ci toplantısı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, toplantıda Mərkəzin həmsədrləri – Latviyanın, Finlandiyanın və Serbiyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa, Tarya Halonen, Boris Tadiç, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin iştirak ediblər.
İclasda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hesabatı dinlənilib, təşkilatın 2015-ci il üçün nəzərdə tutulan büdcəsi, Nizami Gəncəvi irsinin araşdırılması, dahi şairin “Xəmsə”sinin xarici dillərdə nəşri məsələləri, gələn ilin aprelində keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq müzakirə edilib.
Xatırladaq ki, 2012-ci ildə təsis olunmuş Mərkəzin əsas məqsədi Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsinin araşdırılması və dünyada təbliğ edilməsidir. Bu və digər istiqamətlərdə bir sıra təşkilatlarla əməkdaşlıq edən Mərkəzin ən böyük layihəsi Qlobal Müştərək Cəmiyyətlər Forumudur. 2013-cü ildən keçirilən Forum Madrid Klubu ilə əməkdaşlıq çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunur.