MƏDƏNİYYƏT
Floridada Azərbaycan kəlağayısının və “Heydərbabaya salam” kitabının təqdimat mərasimi keçirilib
Vaşinqton, 24 may, AZƏRTAC
“Azerbaijan Kelagayi” təşkilatının ABŞ-dakı nümayəndəliyi Floridada Azərbaycan kəlağayısını və “Heydərbabaya salam” kitabını təqdim edib. Florida ştatının Azərbaycan-Amerika Mədəni Assosiasiyası tərəfindən təşkil edilmiş tədbir Fort Loderdeyl şəhərindəki Türkiyə mərkəzində keçirilib. Təqdimat mərasimində şəhərin Azərbaycan və Türk icmalarının nümayəndələri iştirak ediblər.
Azərbaycan-Amerika Mədəni Assosiasiyasının prezidenti Töhfə Eminova gecənin açılışında çıxış edib. O, qonaqları salamlayaraq Azərbaycan ənənələrini və xalqımızın mədəni irsini qoruyub saxlamağın vacibliyini vurğulayıb. Daha sonra “Azerbaijan Kelagayi” təşkilatının Birləşmiş Ştatlardakı nümayəndəsi Cəmilə Cavadova-Spitsberq çıxış edib. O, tədbir iştirakçılarına Azərbaycanda ipək kəlağayıların hazırlanması ənənələri, bu işin tarixi və mədəni əhəmiyyəti barədə məlumat verib.
Təqdimat mərasimində Azərbaycanın müxtəlif regionlarında, o cümlədən İsmayıllı rayonunun Basqal kəndində kəlağayının hazırlanması barədə qısametrajlı sənədli filmlər nümayiş etdirilib. Kəlağayıların müxtəlif dizaynlarının rəmzi mənası, bu ənənəvi baş örtüyündən istifadə formaları da müzakirə edilib. Tədbir iştirakçıları Cəmilə Cavadova-Spitsberqin təqdim etdiyi müxtəlif kəlağayıları başlarına örtərək özlərinə necə yaraşmasını qiymətləndiriblər.
Mədəni tədbirin ikinci hissəsi Azərbaycan poeziyasına həsr edilib. Azərbaycan-Amerika Mədəni Assosiasiyasının üzvü Norbert Yevdayev görkəmli Azərbaycan şairi Şəhriyarın həyat və yaradıcılığına dair öz tədqiqatları barədə qonaqlara məlumat verib. Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasını rus dilinə tərcümə etdiyini bildirən N.Yevdayev bu kitabı da təqdim edib, ondan şeirlər oxuyub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton