ELM VƏ TƏHSİL
Folklor İnstitutunda bir sıra məsələlər müzakirə edilib
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov gündəlikdəki məsələlərdən, həmçinin Folklor İnstitutunun doktoranturaya qəbul və ixtisas minimumu imtahanı proqramı və test-sual bankının hazırlanmasından danışıb.
İnstitut şöbələrinin əsasnamələrinin hazırlanması barədə bu elm müəssisəsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov məlumat verib. O, şöbənin əsasnaməsi ilə bağlı nümunənin yaradıldığını bildirib.
Sonra institutun mifologiya şöbəsinin elmi işçisi Elçin Qaliboğlunun “Türk yaradılış mifləri və Azərbaycan əfsanələri” mövzusunda məruzəsi dinlənilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İclasda bir sıra kadr məsələlərinə də baxılıb.