SİYASƏT


“Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçırilib

A+ A

Bakı, 18 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda “Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamının icrası ilə əlaqədar təşkil olunub.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsinin - müstəqillik dövrünün əlamətdar cəhəti milli dövlətçilik ənənəsinin bərpasıdır. Məhz milli dövlətçiliyin bərpası milli mədəniyyəti və mənəvi dəyərləri öyrənən elm sahələrinin inkişafına xüsusi şərait və imkan yaradıb.

Milli dövlətçilik ideyalarının ilkin yaradıcılarından birinin folklor olduğunu deyən akademik qeyd edib ki, bu elm sahəsi milli-mənəvi sərvətlərimizin, milli təfəkkürümüzün xəzinəsidir. Folklorda həm ümummilli ideyalar, həm də milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb.

Müstəqillik dövründə Azərbaycan folklorşünaslığının inkişaf xüsusiyyətlərindən və elmi problemlərindən danışan İ.Həbibbəyli bildirib ki, konfransın təşkilinin əsas məqsədi Azərbaycan dövlətçilik ənənələrinin uzaq və yaxın tarixinə, onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təhlilinə diqqəti artırmaqdır.

Akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov folklorun tarixindən, müasir dövrdə bu elm sahəsinin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, folklorda dövlətçilik ideyaları hələ eramızdan əvvəl yaranıb və bu, əfsanələrdə əksini tapıb. Sonrakı ədəbiyyatda da dövlətçilik ənənələri yer alıb. Bu ideyalar əsasında yaranan “Kitabi-Dədə Qorqud” dastanı dövlətçiliyə həsr olunmuş bədii örnəkdir.

Tədbirdə “Heydər Əliyev siyasi kursu və folklor”, “Müstəqillik dövründə Azərbaycan folklorşünaslığının aktual problemləri”, “Azərbaycan folkloru ümumtürk folkloru kontekstində”, “Azərbaycan mühacirət folklorşünaslığı müasir elmimizdə”, “Türk dövlətçilik ənənəsində simvollar” və digər mövzularda məruzələr dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.