İQTİSADİYYAT


“Forbes” Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən yazıb

A+ A

Vaşinqton, 18 dekabr, AZƏRTAC

ABŞ-da çıxan “Forbes” jurnalında “Asiyada kommunikasiyaların bərpası: Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tarixi” sərlövhəli məqalə dərc edilib. Məqalədə BTQ dəmir yolu və onun region iqtisadiyyatının gələcək inkişafına müsbət töhfəsi barədə ətraflı informasiya verilir. Məqalə müəllifi Ueyd Şepard yazır ki, işə salınandan sonra Bakı-Tbilisi-Qars dəmir yolu inkişaf etmiş Avropa və Şərqi Asiya bazarları arasında bərpa edilmiş ticarət dəhlizinin mərkəzi sinir sistemi rolunu oynayacaq. Bu dəmir yolu xətti 15 gün ərzində Avrasiyanın bir hissəsindən digərinə mal və məhsul daşınmasına şərait yaradacaq.

826 kilometr uzunluğunda dəmir yolu xətti Xəzərin Azərbaycan ərazisindən keçən sahilini Gürcüstanın paytaxtı Tbilisi ilə birləşdirəcək və Şərqi Türkiyəyə qədər uzanacaq, burada Türkiyə və Avropanın daha geniş dəmir yolları şəbəkəsi ilə birləşəcək. Müəllif yazır ki, bu birləşmə Yeni İpək Yolunun cənub marşrutunun əsas hissəsi olacaq.

Bu xətti inşa etmək ideyası 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan qoşunları tərəfindən işğal edilməsinə etiraz əlaməti olaraq Türkiyə Ermənistanla sərhədlərini bağlayanda yaranıb. 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyənin liderləri dəmir yolu xətti tikintisinə başlanmasını nəzərdə tutan saziş imzalayıblar. Şepard qeyd edir ki, Şərq ilə Qərb arasında dəmir yolu xətti ilə mal və məhsul daşımalarının sayının artması müşahidə olunur. Müəllif yazır ki, 20 kvadratkilometr ərazidə yerləşən, azad iqtisadi zona olan yeni Bakı limanı malların daşınması ilə bağlı logistik məsələləri sadələşdirəcək. BTQ yerli istehsalın genişlənməsinə kömək edəcək, habelə region ölkələrinə tranzit ödəmələrdən gəlir götürmək imkanı verəcək. Azərbaycan üçün bu rəqəm ildə 170 milyon dollara çata bilər.

Sonra məqalədə BTQ-nin maliyyələşdirilməsinin detalları, habelə dəmir yolunun tikintisinin və işə salınmasının təqribi tarixləri göstərilib. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri üzrə əməkdaşlığın uğurlu olmasını nəzərə almaqla, demək olar ki, BTQ Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi və siyasi əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edəcək.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.