DÜNYA
“Forbes”: Rusiyanın ən varlı 200 biznesmeni 460 milyard dollarlıq sərvətə malikdir
Bakı, 20 aprel, AZƏRTAC
Rusiya “Forbes”i ölkənin ən varlı 200 biznesmeninin illik reytinqini dərc edib.
AZƏRTAC BBC.com saytına istinadla xəbər verir ki, 200 ən imkanlı rusiyalı iş adamları ötən il sərvətlərini daha 100 milyard dollar artıraraq 460 milyard dollara çatdırıblar.
Rusiyanın ən iri özəl qaz hasilatı kompaniyası olan “Novatek”in şəriki Leonid Mixelson ardıcıl olaraq iki ildir ki, siyahıya başçılıq edir. “Forbes”in məlumatına əsasən, Mixelsonun varidatı il ərzində 4 milyard dollar artaraq 18,4 milyard dollara çatıb. Reytinqdə ikinci yeri 17,5 milyard dollarla “Severstal” kompaniyasının sahibi Aleksey Mordaşov tutur. O, keçən il müvafiq siyahının 6-cı mövqeyində qərarlaşmışdı. Nəşr Mordaşovun 6,6 milyard dollar varlandığını yazır. Onun ardınca Novolipetsk Metallurgiya Kombinatının sahibi Vladimir Lisin gəlir. Lisin keçən il 9,3 milyard dollarlıq varidatını 16,1 milyard dollara çatdıraraq 8-ci yerdən 3-cü yerə yüksəlib.
ABŞ-ın sanksiyaları altında olan “Volga Group” özəl investisiya qrupunun sahibi Gennadi Timçenko 16 milyard dollarla 4-cü yeri tutur.
Reytinqin ilk onluğuna, həmçinin “USM Holdings”in banisi Alişer Usmanov (15,2 milyard dollar), “LUKoil” neft kompaniyasının prezidenti Vahid Ələkbərov (14,5 milyard dollar), “Alfa qrup” maliyyə-sənaye qrupunun şəriki Mixail Fridman (14,4 milyard dollar), “İnterros” investisiya kompaniyasının və “Nornikel” dağ-metallurgiya kompaniyasının prezidenti Vladimir Potanin (14,3 milyard dollar), SUEK və “Yevroxim” kompaniyalarının şəriki Andrey Melniçenko (13,2 milyard dollar) və “Renova” özəl biznes qrupunun direktorlar şurasının sədri Viktor Vekselberq (12,4 milyard dollar) daxildir.
“Stroyqazmontaj” kompaniyasının sahibi Arkadi Rotenberq sərvət artımına görə liderlərdən biridir. O, bir ildə 36 pillə irəliləyərək 39-cu mövqeyə çıxıb. “Forbes” Rotenberqin varidatını 2,6 milyard dollar həcmində qiymətləndirir (keçən il 1 milyard dollar).
“Telegram” və “VKontakte” sosial şəbəkələrin yaradıcısı Pavel Durov sərvətini 950 milyon dollara çatdıraraq ilk dəfə reytinqin ilk yüzlüyünə daxil olub.