DÜNYA
“Forbes” jurnalı: “Alibaba”nın banisi Cek Ma Çində ən varlı adamdır
Bakı, 16 may, AZƏRTAC
“Forbes” jurnalının versiyasına görə, elektron kommersiya sahəsinin nəhəngi “Alibaba Group” kompaniyasının banisi Cek Ma “Wanda Group” korporasiyasının başçısı Van Szyanlini qabaqlayaraq Çinin ən varlı adamı olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mayın 12-nə olan məlumata əsasən, Cek Manın varidatı 30,9 milyard dollar, Van Szyanlinin sərvəti isə 30,7 milyard dollar həcmində qiymətləndirilib.
Van Szyanlin əsasən daşınmaz əmlak və əyləncə biznesindən gəlir götürür. Cek Manın varidatı isə “Alibaba” kompaniyasının aksiyalarının bahalaşması hesabına artıb.
“Forbes” jurnalı hesab edir ki, hazırda Asiyanın ən varlı adamı honkonqlu milyarder Li Ka-shinqdir. Onun var-dövləti 32,9 milyard dollar həcmində qiymətləndirilir.
Çinin ən iri internet-kompaniyası olan “Alibaba Group” elektron kommersiya sahəsində fəaliyyət göstərir. Onun əsası 1999-cu ildə Cek Ma tərəfindən qoyulub. Kompaniyaya, həmçinin törəmə “Alibaba Pictures”, “Alibaba.com”, “AliExpress.com”, “Taobao.com”, “Tmall.com” şirkətləri daxildir.