SİYASƏT


“Foreign Affairs”: Cənubi Qafqazın donu açılır

A+ A

Vaşinqton, 13 oktyabr, AZƏRTAC

Amerikada çıxan “Foreign Affairs” jurnalında Vaşinqtondakı “Strateji və beynəlxalq araşdırmalar mərkəzi”nin böyük elmi işçisi, Rusiya və Avrasiya proqramlarının direktorunun müavini Ceffri Mankoffun Cənubi Qafqazda münaqişələr və geosiyasi vəziyyət mövzusuna həsr edilmiş “Cənubi Qafqazın donu açılır” sərlövhəli məqaləsi dərc olunub.

Gürcüstanda və Azərbaycanda atəşkəs haqqında sazişlərə əsasən müvəqqəti dayandırılmış silahlı münaqişələrdən bəhs edən müəllif yazır ki, bu münaqişələr 1990-cı illərin əvvəlindən “dondurulmuş” vəziyyətdə olsalar da, son aylarda regionun “tektonik platforması” hərəkətə başlayıb. C.Mankoff qeyd edir ki, aprel ayında Azərbaycan ordusu erməni silahlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazisinin bir hissəsini azad edib. Bu fakt onu göstərir ki, tərəflər ərazi baxımından indiki status-kvonu dəyişə bilərlər.

Ekspert qonşu dövlətlərin diplomatik rolu məsələsinə toxunaraq yazır ki, Azərbaycanın strateji tərəfdaşı olan Türkiyə Azərbaycanla həmrəylik əlaməti olaraq 1990-cı illərin əvvəlindən Ermənistan-Türkiyə sərhədini bağlayıb və Ermənistana iqtisadi embarqo tətbiq edib.

C.Mankoff vurğulayır ki, 2014-2016-cı illərdə Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində silahlı toqquşmaların intensivliyi artıb. Ermənistan-Azərbaycan sərhədində də tez-tez toqquşmalar olur. Müəllif həm hərbçilər, həm də mülki əhali arasında çoxsaylı insan tələfatı ilə nəticələnmiş aprel döyüşlərindən söhbət açaraq vurğulayır ki, Azərbaycan təmas xəttindəki bir neçə postda öz nəzarətini bərpa edib.

Daha sonra məqalədə böyük dövlətlərin geosiyasi maraqları, münaqişənin tənzimlənməsi yolları və Cənubi Qafqazda enerji layihələri barədə söhbət gedir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.