MƏDƏNİYYƏT
“Foreign Policy News” Naxçıvanın Duzdağı barəsində
Vaşinqton, 13 oktyabr, AZƏRTAC
ABŞ-da çıxan “Foreign Policy News” analitika portalı beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Naxçıvanda Duzdağ mədəni: unikal arxeoloji sərvət” sərlövhəli məqaləsini dərc edib.
Müəllif Naxçıvanda qədim mədəniyyətlərin və Avrasiyanın tarixinin öyrənilməsində son dərəcə mühüm tarixi əhəmiyyəti olan arxeoloji qazıntılardan yazır. P.Teyz qeyd edir ki, Naxçıvan şəhərinin on kilometrliyində, Böyük İpək Yolunun üstündə yerləşən Duzdağ diqqətəlayiq tarixi yerlərdən biridir. O yazır ki, mədəndən sanatoriya kimi istifadə olunur. Burada ağciyər xəstəliklərindən əziyyət çəkən adamlar müalicə olunur. Onlar minerallarla zəngin hava ilə tənəffüs etməyi ehtiva edən speleoterapiya deyilən müalicə alırlar.
Müəllif vurğulayır ki, azərbaycanlı mühəndislərin məlumatına görə, Duzdağda daş duz yataqlarının qalınlığı təqribən 150 metrdir. Onun ərazisi bir neçə kvadratkilometri əhatə edir. Məqalədə həmin bölgənin tarixi haqqında informasiya da təqdim edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton