İDMAN
Formula-1 Avropa Qran-prisi Çinin kütləvi informasiya vasitələrinin diqqətində olub VİDEO
Pekin, 20 iyun, AZƏRTAC
Çin idmansevərlərinin də böyük maraqla izlədiyi Formula-1 Avropa Qran-prisi Bakıda uğurla təşkil olundu. Bu yarış idman aləminin diqqətini paytaxt Bakıya yönəltməklə Azərbaycanın idman ölkəsi kimi dünyaya bir daha təqdimatı baxımından gözəl fürsət oldu. Bununla yanaşı, Formula-1 yarışı vasitəsilə bütün dünya Şərq və Qərb koloritlərini özündə cəmləşdirən Azərbaycan paytaxtının ənənəvi və müasir memarlığına şahid oldu. Çinin kütləvi informasiya vasitələri də Formula-1 Avropa Qran-prisini ilk dəfə keçirən Azərbaycanın idman tədbirlərinin yüksək səviyyədə təşkilatçısı olmaqla yanaşı, son illər dünyada öz inkişafı ilə diqqəti cəlb etdiyini xüsusi vurğulayır.
Bu ölkənin rəsmi xəbər agentliyi Sinxua ilə yanaşı, nüfuzlu idman qəzetləri və portallarından www.hinews.cn , www.sports.sina.com.cn , www.sports.163.com , www.f1.sports.sohu.com və digər kütləvi informasiya vasitələri Bakı trekinin özünəməxsusluğundan, gərgin keçən mübarizədə “Mercedes”in pilotu Niko Rosberqin qələbəsindən söz açıb. Qeyd olunub ki, Bakı Qran-prisində trekin uzunluğu 6 kilometrdir. Pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurublar. Ən sürətli yarışlar kateqoriyasına daxil olan Bakı mərhələsində maksimum sürət saatda 364 kilometr olub.
Çin mətbuatı yazır ki, almaniyalı Herman Tilke tərəfindən layihələndirilən Bakı treki yarışı tribunadan və televiziyadan izləyənlərin şəhərin memarlıq abidələrini görə bilmələrinə imkan yaradıb. Formula-1 Avropa Qran-prisi və Bakı haqqında fotosessiya ilə zəngin olan xəbərlərdə qeyd olunur ki, növbəti illərdə də Bakıda keçiriləcək bu yarış Azərbaycana turist axınının artmasına da müsbət təsir göstərəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin