İDMAN
“Formula-1” Avropa Qran-prisinə dəstək məqsədilə metkartinq yarışı keçirilib VİDEO
Bakı, 14 iyun, AZƏRTAC
“Formula-1” Avropa Qran-prisinə dəstək məqsədilə iyunun 14-də “Elit” ticarət mərkəzində Azərbaycanın tanınmış estrada müğənniləri ilə yerli KİV nümayəndələri arasında metkartinq yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və güləş üzrə Olimpiya dərəcəli hakim Hicran Şərifov tədbirdə çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandıqları uğurlardan söz açıblar. Bildiriblər ki, Azərbaycan növbəti mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır. “Formula-1” üzrə dünya çempionatının səkkizinci mərhələsi – Avropa Qran-prisi Bakı küçələrində təşkil ediləcək. Bu, avtomobil yarışlarını, sürət və həyəcanı sevənlər üçün əsl idman bayramı olacaq.
Ölkəmizin irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etmək baxımından zəngin təcrübəyə malik olduğunu vurğulayan natiqlər beynəlxalq qurumların heç bir tərəddüd etmədən möhtəşəm yarışların təşkilini Azərbaycana həvalə etdiklərini diqqətə çatdırıblar.
Sonra yarışa start verilib. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qaliblərinə qiymətli hədiyyələr, diplom və mükafatlar təqdim edilib.
Sonda Azərbaycanın estrada ulduzlarının iştirakı ilə konsert olub.