İDMAN
“Formula-1” Avropa Qran-prisinin könüllüləri Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçiriblər VİDEO
Bakı, 7 mart, Samirə Allahverdiyeva, AZƏRTAC
“Formula-1” Avropa Qran-prisinin könüllüləri “8 mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə “Könüllülərin təbriki” adlı aksiya təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, aksiya zamanı könüllülər Fəvvarələr meydanında paytaxtın xanım sakinlərini təbrik ediblər. Onlar özləri hazırladıqları hədiyyələri xanımlara təqdim ediblər.
Təbrik edilənlər arasında şəhərimizə qonaq gələn turistlər də olub. Aksiya paytaxt sakinləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllülər üzrə əlaqələndiricisi Tural Hümbətov jurnalistlərə müsahibəsində bildirib ki, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə könüllülərin irəli sürdükləri bu təşəbbüs şirkət tərəfindən dəstəklənib və onların fəaliyyəti üçün şərait yaradılıb. O deyib: “Belə sosial təşəbbüsləri gələcəkdə də davam etdirəcəyik. Qarşıdakı mötəbər yarışda könüllülərin üzərinə böyük məsuliyyət düşür. Ona görə də görəcəyimiz işlər çoxdur. Könüllülərimiz belə tədbirlərlə komanda quruculuğunu gücləndirirlər. Bu da yarış zamanı onların daha yaxşı çalışmalarına kömək edəcək. Könüllülərimiz müxtəlif tədbirlərdə iştirak etsələr də, bu aksiya onların ilk sosial təşəbbüsləridir”.