İDMAN


Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində şəhər sakinlərinin fasiləsiz hərəkəti təmin olunacaq

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 23-25-də Bakıda təşkil olunacaq Formula-1 Azərbaycan Qran-Prisi zamanı şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün ərzində açıq olacaq. Bununla yanaşı, piyadalar trekin müəyyən yerlərində quraşdırılacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edəcəklər. Müvəqqəti yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 5-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, Bakı şəhər halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 17-də gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün qismən bağlı olacaq. Bütün nəqliyyatın hərəkəti iyunun 19-da gecə saat 01:00-da tamamilə dayandırılacaq və bu məhdudiyyət iyunun 27-də səhər saat 06:00-da aradan qaldırılacaq. Formula-1 şəhərciyinin yerləşdiyi Dənizkənarı Milli Parkın bir hissəsi - Azneft dairəsindən başlayaraq dəniz vağzalını əhatə edən ərazi iyunun 19-da gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün, iyunun 20-də saat 12:00-dan etibarən isə bu ərazilərdə yaşayan sakinlər üçün bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 26-da səhər saat 08:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Milli Park ərazisinə iyunun 22-də saat 14:00-dan etibarən daxil ola biləcəklər. Bu günlər ərzində şəhər sakinləri sadəcə “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər.

“Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər (1), ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər ərazilər (2) aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini (3) əhatə edir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən iyunun 9-dan başlayaraq, iyunun 19-dək təqdim olunacaq. Verilən nişanlar avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər”, - deyə Nigar Arpadarai əlavə edib.

Qeyd edək ki, birinci və ikinci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək. Üçüncü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. Birinci zonaya giriş Azneft dairəsi, ikinci zonaya giriş Rəşid Behbudov küçəsi və üçüncü zonaya giriş Lermontov küçəsi (Şəlalələr parkı) tərəfdən olacaq. Birinci zonada yaşayan və müvafiq nişana sahib şəhər sakinləri Qış Parkında yerləşən yeraltı parklanma sahəsindən pulsuz şəkildə istifadə edə biləcəklər.

Birinci zonaya aid nişanlar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən, ikinci və üçüncü zonalara aid nişanlar isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunacaq. Birinci zonaya dair ətraflı məlumat almaq üçün 497-52-46 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür. Digər iki zonaya aid ətraflı məlumatı isə 492-98-14 və 492-09-02 telefon nömrələri ilə əlaqə saxlamaqla Bakı Şəhər İcra Hakimiyyətindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.