İDMAN
Formula-1 Azərbaycan Qran-Prisinin “Filarmoniya” tribunasındakı yerlərə biletlər satılıb
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Qran-Priyə iki aydan çox müddətin qaldığı ərəfədə Azneft dairəsinin qarşısında yerləşən “Filarmoniya” tribunasındakı bütün yerlərə biletlərin artıq satıldığını bildirib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bu ilin yayında baş tutacaq Azərbaycan Qran-Prisinə marağın artdığını vurğulayaraq deyib: “Yarışa 75 günün qaldığı ərəfədə tribunaların birində bütün biletlərin satılması çox sevindirici haldır. Bu, yarışa həm xaricdən, həm də ölkə daxilindən böyük marağın olduğunu göstərir. Yaxın günlərdə yarış həftəsonunun axşamlarında iştirak edəcək dünya ulduzlarının adlarını açıqlayacağıq. Bundan başqa, ötən həftədən etibarən 2-16 yaşlı tamaşaçılar üçün dördgünlük endirimli biletlərin satışına başlamışıq. Qısa müddətdə biletlərin satışında yüksək artım gözləyirik. Fürsətdən istifadə edərək Bakıda baş tutacaq növbəti möhtəşəm Formula-1 yarışını qaçırmamaq istəyən bütün avtoidman həvəskarlarına səslənirəm ki, bilet almağa tələssinlər və ilin ən coşqulu və əyləncə ilə dolu həftəsində bizimlə birlikdə olsunlar”.
Bu il iyunun 23-25-də keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisində tamaşaçılar üçün müxtəlif, o cümlədən bir, iki və dördgünlük biletlər təklif olunur. Dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq, 250-690 manat arasında dəyişir. Azyaşlılar üçün bütün tribunalara təklif olunan dördgünlük biletlər 175-480 manat təşkil edir.
Dördgünlük bileti olan tamaşaçılar Azərbaycan Qran-Prisi ilə əlaqədar keçiriləcək bütün yarış sessiyalarını izləməklə yanaşı, cümə axşamı baş tutacaq “Pit yolu” gəzintisində, həmçinin yarış həftəsonu ərzində Dənizkənarı bulvar ərazisində təqdim olunan bütün əyləncə proqramlarında iştirak edə biləcəklər.
İndiyədək Azərbaycan da daxil olmaqla Bakıda keçirilən növbəti Formula-1 yarışına ümumilikdə 48 ölkədən bilet alınıb. Satılan biletlərin 34 faizi Azərbaycanın payına düşür. Qalan 66 faizlik hissə isə xaricdən alınıb. İlk onluğa daxil olan ölkələr Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Avstriya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, ABŞ və Almaniyadır. Satılan biletlərdə fərdi şəxslərlə yanaşı, korporativ müştərilər də böyük paya sahibdirlər.
Azarkeşlər Bakıda keçiriləcək Azərbaycan Qran-Prisini tribunadan və ayaqüstü zonalardan izləyə biləcəklər. Tribunaların ümumi tutumu 18 min yerdir. Ayaqüstü zonalar isə azı 10 min tamaşaçını qəbul edə bilər.