İDMAN
Formula-1 Azərbaycan Qran-prisi üçün yerli media nümayəndələrinin qeydiyyatı davam edir
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycanda Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 23-25-də Bakıda təşkil olunacaq Azərbaycan Qran-prisi üçün yerli media nümayəndələrinin qeydiyyatı prosesini davam etdirir.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, Əməliyyat Şirkətinin vasitəçiliyi ilə aparılan proses aprelin 5-də saat 17:00-da başa çatacaq.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə qeydiyyatdan keçməyə çağıraraq deyib: “Ötən il Bakıda böyük uğurla reallaşan ilk Formula-1 Qran-Prisi zamanı yarışı izləyən jurnalistləri Beynəlxalq Avtomobil Federasiyasının müvafiq standartlarına uyğun iş şəraiti ilə təmin etmişdik. Həm xarici, həm də yerli jurnalistlər onlar üçün yaradılmış şəraitdən olduqca məmnun qaldılar. Bu il Azərbaycan Qran-Prisində daha yaxşı şəraiti təmin etmək üçün lazımi hazırlıqlara artıq başlamışıq. Çalışırıq ki, maksimum sayda yerli media nümayəndəsi qeydiyyatdan keçsin və növbəti Formula-1 Qran-Prisini canlı izləyərək bu yarışı yüksək səviyyədə işıqlandıra bilsin. Əməliyyat şirkəti olaraq bütün yerli jurnalistlərə bir daha müraciət edirik ki, bir neçə gün qaldığını nəzərə alaraq qeydiyyatdan keçməyə tələssinlər və onlar üçün təqdim olunan bu əvəzolunmaz fürsəti əldən verməsinlər”, - deyə N.Arpadarai əlavə edib.
Qeyd edək ki, akkreditasiyadan uğurla keçən jurnalistlər pilotlarla yanaşı, komandaların texniki heyətləri ilə görüşmək və onlardan müsahibə almaq imkanına sahib olacaqlar. Eyni zamanda, jurnalistlər yarış həftəsonu ərzində keçirilən bütün mətbuat konfranslarında da iştirak edərək öz suallarını əlaqədar şəxslərə birbaşa ünvanlaya biləcəklər. Bundan əlavə, akkreditasiya sahiblərini dünya ulduzlarının iştirakı ilə keçiriləcək əyləncəli konsert proqramları da gözləyir.
Akkreditasiyadan keçmək istəyən media nümayəndələri https://www.bakucitycircuit.com/az/media/media-accreditation linkinə daxil olaraq müvafiq formanı doldurmalıdırlar. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.