İDMAN


Formula-1 Azərbaycan Qran-prisinə dəstək məqsədilə qolf turniri keçirilib

Bakı, 20 iyun, AZƏRTAC

“Dreamland” qolf klubu Formula-1 Azərbaycan Qran-Prisinə dəstək məqsədilə qolf turniri təşkil edib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən (BŞH) AZƏRTAC-a bildiriblər ki, turnirdə Azərbaycan və qonşu ölkələrdən olan 88 qolfçu gücünü sınayıb.

On səkkiz dəlik üzrə mübarizədə “Dreamland” qolf klubunun koreyalı üzvləri Cunqvon Çoi, Cin Yub Çoi, Yunq Tae Son və Donq Seok Kvon 64 zərbənin yekununda 54.1 balla ən yüksək pilləyə yüksəliblər. 68 zərbənin yekununda 59.3 bal qazanan Deyvid Lousan, Con Kvinn, Qeyvin Makkenzi və Alan Ferqyuson ikinci yerdə qərarlaşıblar. Üçüncü yerin sahibi isə 67 zərbə ilə 60.5 bal qazanan Darren Tomson, Corc Bol, Stüart Kinq və Din Makevan olublar.

“Nearest the pin” yarışı üzrə ən yaxşı nəticəni 4-cü dəlikdə Alister Makdaf, 11-ci dəlikdə isə Din Makevan göstəriblər. “Longest drive” yarışı üzrə ən yaxşı nəticəyə 3-cü dəlikdə Skot Bryus, 10-cu dəlikdə isə Darren Tomson imza atıblar.

Tədbirlə bağlı fikirlərini paylaşan BŞH-nin kommersiya üzrə rəhbəri Bülent Özərdim qeyd edib: “Artıq ikinci ildir biz bu tədbirə dəstəyimizi nümayiş etdiririk. Biz bu qədər oyunçunu bir arada görməkdən çox məmnunuq. Bu cür tədbirlər həftəsonu Bakı şəhər halqasında Formula-1 komandaları və pilotları arasında həyəcanlı rəqabət vəd edən yarış haqqında məlumatlılığı artırır”.

“Biz Bakı şəhər halqasına 2017-ci il komandalararası “Scramble” formatında baş tutan turnirə göstərdikləri dəstək üçün dərin minnətdarlığımızı bildiririk. Biz böyük səbirsizliklə möhtəşəm Qran-Prini və Azərbaycana gələcək turistləri gözləyirik”, - deyə “Dreamland” klubunun direktoru Filip Cons vurğulayıb.

Azərbaycan Qran-Prisi üçün tamaşaçılara müxtəlif biletlər təklif olunur. İyunun 22-dən 25-dək müddət üçün dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq 250-690 manat arasında dəyişir. Azyaşlılar üçün bütün tribunalara təklif olunan endirimli dördgünlük biletlər 175-480 manatdır.

İyunun 24-25-ni əhatə edən ikigünlük biletlərin qiyməti 225-440 manat, Dənizkənarı Bulvar ərazisində yerləşən ayaqüstü zonalar üçün birgünlük biletlərin qiyməti 60-150 manatdır. Sahil və Sabir parklarındakı ayaqüstü zonaların hər ikisinə giriş imkanı verən birgünlük biletlərin qiyməti yarış günlərindən asılı olaraq, 10-40 manat arasında dəyişir.

Müxtəlif bilet seçimləri ilə tanış olmaq istəyənlər www.bakucitycircuit.com saytından ətraflı məlumat ala bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.