İDMAN


Formula-1 Azərbaycan Qran-prisinə endirimli qiymətlərlə bilet satışı davam edir

A+ A

Bakı, 14 yanvar, AZƏRTAC

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula-1 Azərbaycan Qran-prisinin biletlərini erkən almaq istəyənlər üçün sayı məhdud olan 30 faizədək endirimli dördgünlük biletlər təklif edir. Yanvarın 31-dək davam edəcək kampaniya başa çatdıqdan sonra biletlərin satışı normal qiymətlərlə aparılacaq.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, dördgünlük biletlər azarkeşlərə trekdə üç gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində keçiriləcək əyləncə tədbirlərinə qatılmaq, həmçinin iyunun 22–də təşkil olunacaq pit-yolu yürüşündə iştirak etmək imkanı verir.

Formula-1 Azərbaycan Qran-prisinə müxtəlif qiymətlərlə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən “Abşeron” tribunası ilə yanaşı, trek boyunca döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı yaradan digər tribunalar daxildir.

Dördgünlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün “Xəzər” və “Bulvar” tribunalarına xüsusi endirimli biletlər təklif olunur. Bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təqdim olunan böyük fürsətlərdən biridir. Bununla yanaşı, yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalarda izləmək istəyənlərə ayaqüstü yerlər üçün birgünlük biletlər də təklif olunur.

Dördgünlük endirimli biletlərin qiyməti 150–550, ayaqüstü yerlər üçün birgünlük biletlərin qiyməti isə 60–150 manat arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.