İDMAN


Formula-1: Həyəcan, sürət, adrenalin

Bakı, 23 dekabr, AZƏRTAC

Həyəcan, sürət, adrenalin Bakının ev sahibliyi etdiyi növbəti irimiqyaslı yarışın – Formula-1 Avropa Qran-prisinin əsas qayəsi idi. Özündə Qərb ilə Şərq mədəniyyətinin əsas cəhətlərini birləşdirən Azərbaycan paytaxtı bu dəfə yüksək sürət həvəskarlarına öz qapılarını açmışdı. Formula-1 üzrə dünya çempionatının Azərbaycan mərhələsinin Avropa Qran-prisi adı ilə bu mötəbər yarışın təqviminə salınması yerli azarkeşlərin sevinci ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən idmansevərlərin diqqətini ölkəmizə yönəltdi. Həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycan Avropa Qran-prisini iyunun 19-da mükəmməl şəkildə keçirərək ölkəmizin idman tarixində yeni səhifə açdı.

İdmanın bu növünün özünəməxsus azarkeş ordusu olsa da, Formula-1 ölkəmiz üçün yeni yarışdır. Avropa Qran-prisinin təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin uğurlu təbliğat kampaniyası ölkəmizdə Formula-1 idmanını sevənlərin sayını daha da artırdı. Azərbaycanın təbliğini qarşıya məqsəd qoyan Əməliyyat Şirkəti turistlərin ölkəmizə cəlb edilməsinə nail oldu. Yarış ərəfəsində paytaxtda otellərin dolu olması yarışın iqtisadi baxımdan mühüm rol oynadığını nümayiş etdirdi. Auditoriyasına görə, futbol üzrə dünya çempionatından və Olimpiya Oyunlarından sonra üçüncü yerdə olan Formula-1 yarışına ev sahibliyi etmək ən əsası ölkənin qüdrətindən xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev bu yarışın əhəmiyyətini yüksək qiymətləndirərkən deyib: “Bu il ilk dəfə olaraq Formula-1 yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərdi. Çünki Formula-1 yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik. Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb. Elə ölkələr var ki, bu il o ölkələrdən Azərbaycana gələn turistlərin sayı 30-40 dəfə artıb və bu proses davam edir”.

Bakıda keçirilmiş Formula-1 Avropa Qran-prisinə beynəlxalq auditoriyanın münasibətini öyrənmək məqsədilə BŞH-nin müraciəti əsasında “Nielsen Sports” şirkəti azarkeşlərin Formula-1-in ən yeni treki ilə bağlı yarışdan əvvəl və sonrakı düşüncələrini öyrənmək üçün iki mərhələdə sorğu keçirib. Formula-1-ə ən çox maraq göstərilən 16 ölkədə keçirilmiş sorğuda bu çempionatın beynəlxalq auditoriyasının Azərbaycan mərhələsi haqqında məlumatlılığı, tanışlığı və marağı öyrənilib. Sorğunun nəticələrinə görə, bu ölkələrin hamısından, xüsusən də Braziliya, İspaniya və Finlandiyadan olan iştirakçılar Bakının Formula-1 təqviminə əlavə olunmasını böyük məmnuniyyətlə qarşılayıblar. Bu ölkələrin əksəriyyətindən, o cümlədən Macarıstan, Rusiya və Finlandiyadan olan sorğu iştirakçıları 2017-ci ildə keçiriləcək növbəti Formula-1 yarışını canlı izləmək üçün Bakıya gəlmək istədiklərini bildiriblər. Sorğu göstərir ki, gələn il də Formula-1 azarkeşləri ölkəmizə gələcəklər. Yarışın Bakıda təşkili Azərbaycanda turizmin inkişafına əvəzolunmaz töhfə kimi dəyərləndirilməlidir.

Növbəti mövsümün təqviminə əsasən, Formula-1 yarışı ölkəmizdə yeni ad və vaxtda təşkil olunacaq. Bu barədə fikirlərini bölüşən gənclər və idman naziri Azad Rəhimov deyib: “Azərbaycan adı altında təşkil olunacaq Qran-pri 2017-ci il iyunun 25-də keçiriləcək. Sevindirici hal odur ki, Azərbaycan Qran-prisi 24 saatlıq “Le Man” yürüşü ilə üst-üstə düşməyəcək. Həmin gün dünyanın Formula-1 həvəskarlarının marağı yalnız Azərbaycana yönələcək. Yarış Avropa Qran-prisi yox, Azərbaycan Qran-prisi adlanacaq. Bu, bizim növbəti uğurumuzdur. Daha bir üstünlük isə bolid və avadanlığın Kanada Qran-prisindən sonra vaxtında ölkəmizə gətirilməsidir. Qısa müddətdə 6-7 böyük transfer təyyarəsinin boşaldılması ilə bağlı problemlə üzləşməyəcəyik”.

Yarışın beynəlxalq mediada təbliği də BŞH-nin əsas hədəflərindən biridir. Təbliğat kampaniyası çərçivəsində ölkəmizin tanıtımı, azarkeşlərin diqqətini Azərbaycan Qran-prisinə yönəltmək və turistlərin respublikamıza cəlb olunması şirkətin əsas məqsədlərindəndir. BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai təbliğat işlərinin əhəmiyyətindən danışarkən deyib: “Ötən yarış mövsümündə olduğu kimi, bu il də müxtəlif dövrlərdə biz ölkəmizə xarici media nümayəndələrini dəvət edirik. Rusiya, Türkiyə, İngiltərə, Almaniya və Avropanın aparıcı media qurumları Bakıda keçirilən Formula-1 yarışını daim diqqət mərkəzində saxlayırlar və buna görə dəfələrlə Bakıya səfər edərək yarışa hazırlıq işləri ilə yerində tanış olmağa və beynəlxalq ictimaiyyətin diqqətini buraya yönəltməyə çalışırlar”.

Bütün bunlar Azərbaycanın tarixinin, mədəni irsinin dünyada tanıtımı və ölkənin iqtisadi-mədəni potensialının təqdimatı baxımından əhəmiyyət kəsb edir.

Sosial yönümlü layihələri hər zaman fərqlənən BŞH ölkəmizdə peşəkar könüllülərin hazırlanmasını da qarşıya məqsəd qoyub. Şirkətin insan resursları şöbəsinin rəhbəri İranə Əhmədovanın sözlərinə görə, BŞH Akademiyası könüllülər üçün fevralın əvvəlində bir sıra təlimlər keçirəcək. Bir neçə istiqamətdə aparılacaq təlimlərin əsas məqsədi könüllülərin şəxsi inkişafını təmin etmək və onları təşkilatçılıq işlərinə peşəkar səviyyədə hazırlamaqdır. Təlimlər zamanı könüllülər vaxtın düzgün idarə olunması, gərgin vəziyyətlərdə işin düzgün qurulması, konfliktlərin həlli, layihənin hərtərəfli idarə edilməsi, liderlik və başqa istiqamətlərdə əsas biliklərə yiyələnəcəklər. Bundan başqa, könüllülər üçün danışıq klubları da təşkil olunacaq. Əsas məqsəd gələn xarici qonaqların yüksək səviyyədə qarşılanması, düzgün məlumatlandırılması və onlara lazımi yardımın göstərilməsini təmin etməkdir.

Gələn il təşkil olunacaq yarışa marağın əsas göstəricisini bilet satışının səviyyəsi ilə ölçmək olar. Bilet satışının dekabrın 2-dən start götürdüyün nəzərə alsaq, BŞH-dən aldığımız xəbərlər ürəkaçandır. Şirkətin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim qeyd edib ki, biletlər 30 faizədək endirimli qiymətlərlə satışdadır. Bu kampaniya yanvarın 31-dək davam edəcək. Ötən ilin eyni dövrü ilə müqayisədə kampaniya ərzində bilet satışında yüksək artım qeydə alınıb. Əsas maraq xaricdən olub. Belə ki, qısa müddətdə satılan biletlərin əksəriyyəti Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərinin payına düşür. Xaricdən bilet alanlar gələnilki tətil proqramlarını indidən müəyyənləşdirməklə yanaşı, təklif olunan böyük endirim fürsətindən də yararlanmağa çalışırlar. Bundan başqa, ölkə daxilində də Azərbaycan Qran-prisinin biletlərinə maraq böyük olub.

Səxavət Quliyev

AZƏRTAC-ın müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.