İDMAN


“Formula-1” – iki vur iki qədər sadə!

Bakı, 26 dekabr, AZƏRTAC

“Formula-1” çoxları üçün Azərbaycana gözlənilmədən təşrif gətirdi və deyəsən, uzun müddət burada ləngiyəcək. 2016-cı ildə Avropa Qran-prisi yarışları uğurla keçiriləndən sonra 2017-ci ildə “Formula-1”in Azərbaycan Qran-prisi və növbəti illərdə isə bir sıra digər yarışlar keçiriləcək. Bəs “Formula-1” haqqında nə bilirik? Axı avtoyürüşlər idman növü kimi ölkəmizdə, məsələn, futbol qədər populyar deyildir, çoxlarının təsəvvüründə isə “Formula-1” hələ də Şumaxerlə assosiasiya olunur.

Amma ölkəmiz bu nüfuzlu yarışların tamhüquqlu ev sahibi olduğu üçün biz həmin yürüşlər barədə hər şeyi bilməliyik. Onlar necə təşkil olunub, bu yürüşlərdə kimlər yarışır, hazırda yürüş traslarında hansı komandalar və “ulduzlar” seçilirlər? Gəlin birlikdə aydınlaşdıraq!

 

Pilotlar, bolidlər, habelə onların konstruktorları

Beləliklə, “əlifba”dan başlayaq. “Formula-1” dairəvi avtoyürüşləri üzrə dünya çempionatı yenilik deyildir. Bu yarışlar 1950-ci ildən mütəmadi keçirilir, onun təşkilatçısı isə Beynəlxalq Avtomobil Federasiyasının (FIA Sport) idman bölməsidir. Bütün ölkələrdə avtomobil idmanını FIA idarə edir, “Formula-1” də birbaşa ona tabedir.

Hər il “Formula-1” üzrə dünya çempionatı çərçivəsində Qran-pri adlanan bir neçə mərhələ yarışı keçirilir. Bu mərhələlər müxtəlif ölkələrdə, o cümlədən Avstraliya, Monako, Bəhreyn, Rusiya və bir çox başqa ölkələrdə, indi isə bildiyimiz kimi, Azərbaycanda keçirilir. İl ərzində səkkiz və daha çox belə yarış keçirilir.

“Formula-1” yarışlarında qələbə uğrunda komandalar və komandaların heyətində pilotlar mübarizə aparır. Hər komandada iki pilot və buna müvafiq olaraq iki bolid olmalıdır. Mövsüm boyu keçirilən “Formula-1” Qran-pri yarışlarında ən çox xal toplayan pilot dünya çempionu olur, xalların hesablanmasının yekunlarına görə, qalib komandaya Konstruktorların Kuboku təqdim edilir. Nə üçün konstruktorların? Çünki yürüş avtomobillərini, daha doğrusu, onların şassisini komandaların özü layihələndirir. Təkcə avtomobillərin motorları kənarda istehsal edilə bilər. Təəccüblü deyildir ki, komandaların çoxu dünyanın ən böyük avtokonsernlərinə məxsusdur və onların adlarını (“Ferrari”, “Mercedes”, “Renault” və s.) daşıyır, yaxud “Red Bull”, “Infiniti” və digərləri ilə fəal əməkdaşlıq edir.

Yeri gəlmişkən, “Formula-1” bütövlükdə avtomobilqayırmanın inkişafında böyük rol oynayıb. Qələbə uğrunda mübarizə aparan komandalar avtomobillərin sürətini, manevretmə qabiliyyətini və təhlükəsizliyini artırmaq üçün yeni-yeni vasitələr icad edərək, öz yürüş bolidlərini daim təkmilləşdirməlidir. Məsələn, turbomühərriki ilk dəfə 1977-ci ildə “Reno” komandası tətbiq edib, 1990-cı ildə komandalar bolid konstruksiyalarında elektronikadan geniş istifadə etməyə başlayıblar. Bu gün bütün bu yeniliklər seriya ilə buraxılan avtomobillər üçün normaya çevrilib. Yəni “Formula-1” bir növ ən müasir texniki həllərin sınaqdan çıxarıldığı laboratoriyaya çevrilib.

2017-ci ildə Bakıya kimlər gələcək?

Yüksəlişi 1994-2004-cü illərə təsadüf edən yeddiqat dünya çempionu Mixael Şumaxerin karyerası çoxdan başa çatıb. Bu gün “Formula-1” trasında kimlər “at oynadır” və hansı komandalar bu yarışların lideri hesab edilir? Gələn il Azərbaycan Qran-prisində qələbə və “Formula-1”in çempion titulu uğrunda kimlər mübarizə aparacaq?

Əlbəttə, ilk növbədə “Ferrari”. Adı “Formula-1”anlayışından ayrılmaz olan bu komanda ən titullu və “Formula-1”in bütün tarixi ərzində hər mövsümdə iştirak etmiş yeganə komandadır! Mixael Şumaxerin ulduzu məhz bu komandanın heyətində parlayıb. “Ferrari”nin bugünkü “ulduzları” dünya çempionu adını yalnız bir dəfə 2007-ci ildə qazanmış Kimi Raykkonen və dördqat dünya çempionu Sebastyan Fetteldir. Doğrudur, S.Fettel bütün titullarını hələ “Ferrari”nin heyətinə keçməzdən əvvəl qazanıb.

Bu il digər məşhur komanda – “Mercedes” üçün uğurlu olub. O, 2016-cı il mövsümündə üçüncü dəfə (2014 və 2015-ci illərdə) Konstruktorlar Kubokuna sahib olub. “Mercedes”in pilotu Niko Rosberq Bakıda Avropa Qran-prisinin qalibi, dünya çempion olub. N.Rosberq bu yaxınlarda karyerasının başa çatdığını bildirib. 2017-ci il mövsümündə “Mercedes”i üçqat (2008, 2014 və 2015-ci illər, son ikisini “Mercedes”in heyətində) dünya çempionu, müasir dövrün ən yaxşı pilotlarından biri hesab edilən Lyuis Hamilton təmsil edəcək. “Mercedes”in ikinci pilotunun adı hələlik açıqlanmır.

Böyük Britaniyanın “McLaren” komandası 8 dəfə Konstruktorlar Kubokuna sahib olub və növbəti mövsümdə də liderlik uğrunda yarışacaq. Əsl “Formula-1”ulduzu, ispan yarışçısı, 2005 və 2006-cı illərin (titullar başqa komandanın heyətində qazanılıb) dünya çempionu Fernando Alonso onun heyətindədir. “McLaren”in ikinci pilotu gənc belçikalı Stoffel Vandorndur.

2010, 2011, 2012, 2013-cü illərdə Konstruktorlar Kubokunun qalibi olmuş Avstriyanın “Red Bull Racing” komandası da 2017-ci il mövsümündə qələbə uğrunda mübarizə aparacaq. Onun pilotları - Daniel Rikkardonun və Maks Verstappenin hələlik heç bir çempion titulu yoxdur.

Fransanın avtomobil istehsalçısı “Renault”un komandası da qeyd edilməlidir. Onun idman şərəfi uğrunda tanınmış pilotlar Colion Palmer və Kevin Maqnussen yarışacaqlar. Hərçənd bəzi məlumatlara görə, sonuncu pilot “Haas F1 Team” komandasına keçə bilər.

Bu, “Formula-1”in ən məşhur komanda və yürüşçülərindən yalnız bəziləridir. Əslində, yarışlarda iştirak edənlərin sayı xeyli çoxdur. Bu yarışlarda hər komandanın və yürüşçünün irəli çıxmaq şansı var, çünki “Formula-1” sürprizlərlə doludur.

 

Son söz əvəzi

2017-ci ildə “Formula-1” üzrə dünya çempionatı 20 Qran-pri yarışından ibarət olacaq və onlardan biri Bakıda keçiriləcək. Məsələnin ən yaxşı tərəfi budur ki, müasir avtoyürüşlərin bütün ulduzları iyunun 23-25-də Bakıya toplayacaq. Bizə yalnız artıq satışa çıxarılan biletləri almaq və bir də “kimin kim olduğunu” bildikdən sonra idmanın kraliçası sayılan “Formula-1” yarışlarının qalibinin növbəti zəfərinə şahidlik etmək üçün tribunlara yollanmaq qalır!

Materialın hazırlanmasında “Formula-1”in “www.formula1.com” rəsmi saytında, “Baku City Circuit” əməliyyat şirkətinin “www.bakucitycircuit.com” saytında və “Wikipedia”dakı məlumatlardan istifadə edilib.

Emil Eyyubov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.