İDMAN


Formula-1 azarkeşlərinə Bakıda eksklüziv  yarış otağında gecələmə imkanı

Bakı, 17 iyun, AZƏRTAC

Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində “Hilton Baku” oteli məşhur pilotlar Fernando Alonso və Stoffel Vandurnun şəxsi əşyaları ilə bəzədilmiş “McLaren-Honda” otağını qonaqların xidmətinə təqdim edir.

AZƏRTAC xəbər verir ki, 2005-ci ildən “McLaren-Honda” Formula-1 heyətinin fəxri tərəfdaşı olan “Hilton” hər il yarışların keçirildiyi 17 ölkədə yerləşən mehmanxanalarından birində F1 azarkeşləri üçün xüsusi yarış otağı hazırlayır. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin uğurlu fəaliyyəti və Formula-1 həvəskarlarının Azərbaycan Qran-Prisinə artan marağını nəzərə alaraq, bu il sözügedən layihə üçün məhz Bakı seçilib.

Yarışların ən öncül simalarının daim seçdiyi məkan olan “Hilton” bu uğurlu tərəfdaşlığı qeyd etmək və Formula-1 Azərbaycan Qran-Prisini daha geniş kütləyə tanıtmaq məqsədilə turistlərə xüsusi “McLaren-Honda” dizaynlı otaqda gecələmək imkanı yaradır. Bu otağın hər

bir guşəsi sürücülərin istifadə etdikləri orijinal əşyalarla bəzədilib. Məşhur Formula-1 pilotu Fernando Alonsonun yarış uniforması və başlığı, “McLaren-Honda”nın sükan çarxı, “Pirelli” təkərləri, pilotların adları həkk olunmuş hamam xalatları, “McLaren-Honda”nın

tarixini əks etdirən kitab və digər maraqlı əşyalar otaqda qalmaq istəyən qonaqların istifadəsindədir.

İstənilən F1 azarkeşinin xəyallarını bəzəyəcək bu otaq, həmçinin yarışın Pit binası və Bakı şəhər halqasına açılan möhtəşəm mənzərəsi ilə də diqqəti cəlb edir. Otağı icarəyə götürmək istəyən yarış həvəskarları yüksək adrenalin dolu F1 həyəcanını, pitstop

əməliyyatlarını, startdakı qrid düzülüşünü və finiş xəttini birbaşa görə biləcəklər. “Bakı McLaren-Honda” otağında gecələmək imkanı “Hilton”un sadiqlik proqramına üzv olan turistlər üçün təklif olunub və dünyanın hər bir yerindən olan milyonlarla turistə Formula-1 Azərbaycan Qran-Pri yarışını tanıtmaq üçün daha bir imkan yaradır.

Layihə ölkəmizin turizm potensialını nümayiş etdirmək, mövcud imkanları təbliğ edərək azarkeşləri paytaxtımıza səfər edib yarışı burada izləməyə həvəsləndirmək məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.