İDMAN
“Formula-1” paddock klubun 2500-dən çox üzvü Bakıda Avropa Qran-prisini izləyəcək VİDEO
Bakı, 19 aprel, Elşad Qəzvini, AZƏRTAC
Bütün komanda ilə çalışırıq ki, Bakıda təşkil edilən “Formula-1” Avropa Qran-prisi 2016-cı il mövsümündə ən həyəcanlı yarış olsun.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib.
İyunun 17-19-da paytaxtımızda keçiriləcək “Formula-1” Avropa Qran-prisinə hazırlıq işlərinin plan üzrə getdiyini bildirən avstraliyalı mütəxəssis məlumat verib ki, trekdə quraşdırılacaq baryerlərin hazırlanması prosesi tamamlanıb. Baryerlər mayın 1-dən etibarən trekin kənarına yerləşdiriləcək. Yarışın başlamasına 17 gün qalmış bütün işlər başa çatacaq və obyektlər təşkilatçılara təhvil veriləcək. Artıq işlərin 90 faizi yekunlaşıb. Hər şey iyunun 1-dək tam hazır olacaq. Asfalt örtüyünün tamamlanması prosesindən danışan Butçer bunun üçün uyğun vaxtı gözlədiklərini bildirib: “Park İnn” otelindən birinci döngəyə qədər olan hissənin asfaltlanması qalıb. Bu iş də yaxın günlərdə tamamlanacaq. Bütövlükdə isə, trek boyunca ümumi asfalt döşənməsi prosesi 95 faiz yerinə yetirilib.”.
Daha sonra media təmsilçiləri Avropa Qran-prisi çərçivəsində tikilən obyektin hazırlıqları ilə yaxından tanış olub. Bu üçmərtəbəli binada yarışa nəzarət mərkəzi yerləşəcək. Burada avtomobillər sazlama, təkərləri dəyışmə pit yoluna daxil olacaq. Həmin yolda avtomobillər yüksək sürət (saatda maksimum 340 kilometr) yığa biləcək.
Beynəlxalq standartlara uyğun tikilən binada təhlükəsizliklə yanaşı, kameralar vasitəsilə avtomobillərin düzgün və qaydaya uyğun hərəkətinin qiymətləndirilməsi həyata keçiriləcək. Start və finiş xətti də burada yerləşəcək. Qaliblərə mükafatlar bu məkanda təqdim olunacaq.
Digər ikimərtəbəli bina isə 22 qarajdan ibarətdır. 22 pilotun hər birinin sərəncamına 2 qaraj veriləcək. Binada, həmçinin beynəlxalq avtomobil federasiyasının və “Formula-1” rəhbərliyinin qarajları da fəaliyyət göstərəcək. İkinci mərtəbədə “Formula-1” paddock klubun (Formula-1 yarışlarının daimi elit-üzvləri) heyəti üçün komfortlu şərait yaradılacaq. Yarışı bu ərazidən izləyən 2500 nəfərdən ibarət heyət trek ərzində hər cür vəsaitlərlə təmin ediləcək.
Müvəqqəti tikilən bu binalar və konstruksiyalar yarışdan sonra sökülərək növbəti illər üçün saxlanılacaq.